Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib - FOTO

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, ADBTİA-nın rektoru Fuad Hacıyev və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra azərbaycanlıların soyqırımına həsr edilmiş sənədli film nümayiş olunub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə gənclərə ətraflı məlumat verməkdir.

O, əsrlər boyu xalqımıza qarşı ermənilər tərəfindən törədilən qırğınlar barədə danışıb: “1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə soyqırıma siyasi hüququ qiymət verilib. Bu illərdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, ermənilərin ifşası istiqamətində ciddi addımlar atılıb, əsərlər nəşr olunub. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə və xaricdə müvafiq tədbirlər keçirilir”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın güclü dövlət başçısı və ordusu var. O, qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə ən sürətli inkişaf edən ölkələr sırasındadır. “Ərazi bütövlüyümüzün bərpasını danışıqlar yolu ilə həll etmək istəyirik. Ancaq hər kəs yaxşı bilir ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməyə güclü ordusu var. Aprel döyüşləri bunun bariz təzahürüdür”,- deyə İ.Babayev bildirib.

O, Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə də dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib ki, ölkəmizin bütün regionlarında və paytaxda soyqırımın100 illiyi ilə bağlı konfranslar keçirilir, tədqiqatların nəticələri barədə məlumatlar verilir. O bildirib ki, ermənilərin ölkəmizə qarşı ərazi iddiası bugün də davam edir. Nazir müavini ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi qırğınlardan, qəddarlıqlardan danışıb. İ.İsmayılov erməni vandallarının törətdiyi Xocalı soyqrımının dünyanın ən dəhşətli qırğınlarından olduğunu xatırladıb. O, Azərbaycan ordusunun bütün bu hadisələrin qisasını alacağını vurğulayıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, soyqırımı hadisələrinin tarixin yaddaşında qalması üçün onları hər zaman xatırlamalıyıq: “Tarixin müxtəlif illərində ermənilər tərəfindən xalqımıza qarşı soyqırımlar olub. Gənclərimiz daha güclü, elmli olmalı və baş verənlər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdırlar. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan güclü müstəqil dövlətdir. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan övladları qəhrəmandırlar və torpaqlarımızı erməni işğalından tezliklə azad edəcəklər”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və çıxış edən gənclər də Azərbaycan xalqına qarşı törədilən soyqırımı, vəhşiliklər haqqında danışıblar. Tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə