Azərbaycanlıların soyqırımı günü GDU-da anıldı ANIM

Azərbaycanlıların soyqırımı günü GDU-da anıldı ANIM

Yusif Yusibov: “Erməni millətçilərinin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin bu istiqamətdə məqsədyönlü işlər aparır”

Gəncə Dövlət Universitetində (GDU) 31 mart – azərbaycanlıların soyqırmının 100 illiyinə həsr edilmiş “Azərbaycanlılara qarşı soyqrım gerçəkləri” adlı elmi konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

GDU-nin rektor, professor Yusif Yusibov konfrans iştirakçılarını salamlayaraq, qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrımının “Böyük Ermənistan” xülyası ilə yaşayan daşnakların dövlət siyasəti olduğunu bir sıra tarixi faktlarla əsaslandırıb. Onun sözlərinə görə, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə Azərbaycan türklərinin yaşadıqları minlərlə yaşayış məntəqəsini viran edib, bir milyondan artıq soydaşımızı soyqırımına məruz qoyublar. “Azərbaycan xalqına qarşı yönəldilən erməni təcavüzünün başlıca məqsədi müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, ümumiyyətlə isə hər cür çirkin əməllərdən istifadə edərək Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və onu genişləndirərək “Böyük Ermənistan” yaratmaqdan ibarət olub” vurğulayan Y.Yusibova görə, bu niyyətin reallaşmasında ermənilərin maraqları o vaxt çar Rusiyasının Qafqazdakı maraqları ilə üst-üstə düşürdü: “1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının əraziləri hesabına “Erməni vilayəti” yaradılması barədəki fərmanı artıq Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərə rəvac vermişdi. XX əsrin əvvəllərindən başlayaraq ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti yetirməyə başlamışdı. “Daşnaksütyun” partiyası öz proqramında dəyişiklik edərək Qafqazda müstəqil erməni dövləti yaratmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi. 1905-1907-ci illərdə Rusiyada baş verən inqilabi proseslərdən istifadə edən ermənilər soyqırımı siyasətinin birinci mərhələsini həyata keçirməyə başlamışdılar. Onlar Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı kütləvi qətliamlar törətmişdilər. On min nəfərdən artıq silahlı erməni birləşmələri təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Qazax qəzalarında kütləvi qırğınlar törədərək 200-dən çox Azərbaycan kəndini viran etmiş, on mindən artıq soydaşımızı qətlə yetirmişdilər”.

Universitetin rektor vurğulayıb ki, birinci dünya müharibəsi zamanı, habelə Azərbaycanlıların soyqrımının növbəti mərhələləri olan 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə erməni daşnaklarının törətdikləri vəhşiliklər tarixi həqiqətlərdir.

Professor Y.Yusibov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart “Azərbaycanlıların soyqırmı haqqında” Fərmanının tarixi əhəmiyyətini xüsusi qeyd edib və bildirib ki, erməni millətçilərinin Azərbaycana qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin bu istiqamətdə məqsədyönlü işlər aparır.

Konfransda çıxış edən məruzəçilər 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı törədilən soyqrımı siyasəti, kütləvi qətliamlar, görünməmiş vəhşiliklər haqqında çıxışlar ediblər.

Sonda çıxış edən rektorun baş müşaviri, dosent Asif Cavadov isə öz növbəsində bildirib ki, xalqımıza qarşı planlı sürətdə aparılan soyqırımı və etnik təmizləmə siyasəti milli tariximizin faciəli səhifələrindən biri kimi yaddaşımızda daim yaşayacaq, torpaqlarımızın bütövlüyünün təmin olunmasında hər kəsi mübarizəyə səsləmək hər birimizin vətəndaşlıq borcudur. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət gec-tez torpaqlarımızın azad edilməsi, qaçqınların dədə-baba yurdlarına qayıtması, beləliklə də haqq-ədalətin bərpası ilə nəticələnəcəkdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə