Maddi-texniki baza KİV-in inkişafında önəmli yer tutur - ARAŞDIRMA (LAYİHƏ)
KİV-in maddi-texniki bazasının yaxşılaşdırılması üçün yeni proqram 2000-ci il martın 6-da Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsdiqlənən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" mövcud problemlərin aradan qaldırılması və mətbuatın inkişafının stimullaşdırılması istiqamətində atılacaq vacib addımları müəyyənləşdirdi. Proqramda, həmçinin, jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə bağlı problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılması və digər praktik məsələlər öz əksini tapdı. Proqramın uğurla həyata keçirilməsi mətbuatın inkişafında mühüm təkan rolunu oynadı. Ölkə mətbuatının maddi durumuna müsbət təsir göstərən qərarlardan biri isə Milli Məclis tərəfindən 2001-ci il martın 13-də "Gömrük tarifi haqqında" Qanuna edilən dəyişiklik oldu. Dəyişikliyə əsasən media orqanları KİV məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan azad edildi. Yuxarıda da qeyd etdiyimiz kimi, Ulu öndər Heydər Əliyevin KİV-lərə dövlət qayğısının artırılması məqsədilə 2001-ci ildə imzaladığı daha bir mühüm sənəd qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması idi. Bu addım maddi çətinliklərlə üzləşən mətbuat orqanlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə imkan verdi.
Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi
Onu da qeyd etmək yerinə düşər ki, ölkədə KİV-lə bağlı həyata keçirilən islahatlar çərçivəsində 2000-ci ildə KİV-lərin fəaliyyətinə dövlət nəzarəti funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Ulu öndərin 20 iyul 2001-ci il tarixli Fərmanı ilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı və Əsasnaməsi təsdiq edildi. Şuranın yaradılmasında məqsəd KİV haqqında qanunvericiliyin tələblərinə əməl olunmasında ictimai nəzarətin təmin edilməsi, dövlət orqanları ilə KİV arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığı üçün daha geniş imkanlar yaradılmasından ibarət idi.
Bir sözlə, hər zaman mətbuat işçilərinə diqqət və qayğı göstərən Ulu öndər jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirir, onların azad fəaliyyətinin təmin edilməsi üçün hər cür şərait yaradırdı. Milli mətbuatımızın 125 illiyində jurnalistlərlə görüşündə Ümummilli lider demişdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir".
2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdi: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik".
2002-ci il mayın 11-də Ulu öndər Heydər Əliyev "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman verdi. Həmin il iyulun 25-də isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Prezident sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul etdi. Bu görüşdə Ümummilli lider Heydər Əliyevlə jurnalistlər arasında ölkə mətbuatının bu günü və gələcəyi barədə söhbət aparıldı, mövcud problemlər təhlil edildi. Görüşdə Ulu öndər Heydər Əliyev mətbuata dövlət tərəfindən lazımi köməklik göstəriləcəyini bildirdi.
Jurnalistlərin dostu
Yeri gəlmişkən, jurnalistlərə hər zaman, hər yerdə hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev onları "dördüncü hakimiyyət" nümayəndələri adlandırırdı. İşinin həddən artıq çox, vaxtının az olmasına baxmayaraq, Ulu öndər jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırırdı. Ulu öndərin jurnalistikaya ayırdığı diqqətin daha bir göstəricisi yuxarıda da qeyd etdiyimiz kimi, onun 2000, 2001 və 2002-ci illərdə media quruluşlarının rəhbərləri ilə keçirdiyi görüşlərdir. Bu görüşlərdə o, mətbuat sahəsində mövcud olan problemləri birbaşa olaraq media nümayəndələrinin özlərindən öyrənirdi.
Bu davranışları ilə Ümummilli liderimiz məmurlara da əsl nümunə olurdu. Ulu öndər, hətta mətbuata informasiya verməkdən yayınan məmurlara müraciət edərək onları mətbuata açıq olmağa, xalqın lazımi informasiya ilə vaxtında təmin olunması üçün jurnalistlərlə əməkdaşlıq etməyə çağırmışdı. Bütün bu sadalananlara görə də, Ulu öndər mətbuat işçiləri üçün ən yaxın dosta çevrilmişdi. Təsadüfi deyil ki, Ümummilli lider 2002-ci ildə "Ruh" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Mətbuat Şurası qarşıya qoyulan məqsədlərə nail olur
Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə mətbuatla, KİV-lə bağlı atılan addımlardan danışarkən Mətbuat Şurasının yaradılmasını da diqqətdən qaçırmaq olmaz. Məlumat üçün deyək ki, Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan kimi fəaliyyət göstərən Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb və həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Ötən müddət ərzində "reket nəşrlər"ə qarşı aparılan effektiv mübarizə isə Mətbuat Şurasının qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
Ulu öndər mətbuatın inkişaf istiqamətlərini müəyyən etdi
Beləliklə, yuxarıda Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra KİV sahəsində görülən işləri xronoloji ardıcıllıqla oxuculara təqdim etdik. Lakin bu xronoloji ardıcıllığın özündə zəngin bir tarix yatır. Çəkinmədən qeyd etmək olar ki, 1993-2003-cü illəri əhatə edən bu dövr Azərbaycan mətbuatının inkişaf tarixinin ən zəngin mərhələsidir. Çünki məhz bu illərdə Ulu öndər tərəfindən əsası qoyulan siyasi kurs, reallaşdırılan islahatlar, eyni zamanda, müasir Azərbaycanda mətbuatın inkişaf istiqamətlərini müəyyənləşdirdi. Birmənalı olaraq, qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin mətbuatın inkişafına verdiyi böyük önəm, davamlı diqqət və qayğısı sayəsində müasir Azərbaycanın müstəqil milli mətbuatı formalaşdı, ölkədə demokratiyanın əsas göstəricilərindən biri olan söz, fikir və məlumat azadlığı bərqərar oldu, obyektiv, qərəzsiz informasiya vermək mətbuat orqanlarının müntəzəm qaydada riayət etdiyi əsas prinsipə çevrildi;
- azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaratdı. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam liberallaşdırıldı və Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu;
- mətbuatın inkişafı istiqamətində həyata keçirilən islahatlar, əməli tədbirlər nəticəsində sabit inkişaf yoluna qədəm qoyan milli mətbuatımız yeni-yeni nəşrlərlə daha da zənginləşdi, eyni zamanda, mətbuatda peşəkarlıq və keyfiyyət ön plana çıxdı.
Beləliklə, əksər ekspertlərin də qeyd etdikləri kimi mətbuat sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, mətbu orqanlar xalqın maariflənməsində, məlumatlanmasında, ümumbəşəri ideyaların, milli dəyərlərin təbliğində, vətəndaş cəmiyyəti qurulmasında, demokratiya, aşkarlıq və ədalətin bərqərar olmasına mümkün qədər daha böyük töhfələr bəxş etsin. Sevindirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bu gün mətbuata böyük diqqət və qayğı göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB