AVCİYA seçkiqabağı vəziyyətlə bağlı müşahidələrin yekunları üzrə aralıq hesabatını açıqlayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkədəki seçkiqabağı vəziyyətlə bağlı müşahidələrin yekunları üzrə aralıq hesabatını açıqlayıb. SİA-nın xəbərinə görə, hesabatla bağlı çıxış edən AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, 2005-ci ildəki parlament seçkiləri ilə müqayisədə Azərbaycanda indiki seçkiqabağı vəziyyət daha konstruktiv vəziyyət kimi xarakterizə olunur. O, bildirib ki, rəhbərlik etdiyi qurum bu il Milli Məclisə keçiriləcək seçkilərdə 106 seçki dairəsinin 4400 seçki məntəqəsində müşahidəni təşkil edəcək. M.Zülfüqarlı eyni zamanda Naxçıvan Muxtar Respublikasında yerləşən 7 seçki dairəsində gediş-gəlişin çətinliyinə görə seçkiləri müşahidə edə bilməyəcəklərini qeyd edib.
M.Zülfüqarlı Mərkəzi Seçki Komissiyasının fəaliyyətində də müəyyən qüsurların olduğunu deyib: "İyirmiyə yaxın müşahidəçinin vəsiqəsində səhvlərə yol verilib. Hazırda isə təşkilatın 400-ə yaxın nümayəndəsi MSK-da qeydiyyatdan keçib. MSK-nın qərarları əsasında bəzi namizədlərin pozulmuş hüquqlarının bərpası müsbət hal olsa da namizədin hüquqlarını pozmuş dairə seçki komissiyaları barədə heç bir tədbir görülməməsi düzgün deyil. MSK-ya daxil olmuş 298 müraciətin bir hissəsi ilə bağlı qəbul edilmiş qərarlarda "qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti bitdiyindən ərizəçiyə geri göndərilmişdir" kimi flkirlərə rast gəlinir. Bu problemi aradan qaldırmaq üçün "Seçki Məcəlləsi"ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsi məqsədəuyğundur".
Siyasi partiyaların namizədlərə təbliğat aparmaq üçün vəsait ayırmadıqlarını deyən təşkilatın sədri qeyd edib ki, bu da 2005-ci il ilə müqayisədə efir vaxtına və qəzetlərdə reklam üçün çap yerlərinə tələbatın az olmasına gətirib çıxarır: "Hesabatda namizədlərin seçicilərlə görüşlərinin lazımi səviyyədə keçirilməməsi də qeyd olunub. Namizədlərin pulsuz efir vaxtındakı çıxışları bir seçki dairəsindən bir neçə namizədin platformasının eyni olduğunu nümayiş etdirir. Namizədlər gələcəkdə fərdi platformalarının müəyyən edilməsi üzrə izahat işi aparmalıdırlar".
Assosiasiyanın rəhbəri müşahidəçilər üçün yaradılan şəraitin bəzi seçki məntəqələrində zəruri tələblərə tam cavab vermədiyini, eyni zamanda bəzi icra hakimlərinin QHT-lərin işinə maneçilik törətdiyini söyləyib: "Bir sıra məntəqələrdə müşahidəçilər üçün nəzərdə tutulan yerlər səsvermə yerlərindən uzaqdadır. Eyni zamanda Neftçala, Salyan, İmişli rayonlarında QHT-lərin işinə İcra Hakimiyyəti heç bir şərait yaratmır və maneçilik törədir".
M.Zülfüqarlı bildirib ki, aralıq hesabat 08 Sentyabr- 02 Noyabr 2010-cu il tarixlərini əhatə edir və Milli Məclisə seçkilər günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin hesabat noyabrın 8-də, yekun hesabat isə 23 Noyabr 2010 -cu il tarixinə kimi açıqlanacaq: "İlkin və yekun hesabatda AVCİYA-nın Milli Məclisə seçkilərdəki müşahidəsinin nəticələri öz əksini tapacaq. Yekun rəyin Azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB