“Azərkitab” Kitab Təbliğatı Mərkəzində veteran jurnalist Firuddin Rəsulovun anadan olmasının 80 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə vaxtilə jurnalistlə müxtəlif mətbuat orqanlarında çalışmış həmkarları, dostları, yaxınları və ailə üzvləri iştirak ediblər. Yubileyə həsr olunmuş tədbirdə Firuddin Rəsulovun həyat yolunu əks etdirən film-çarx nümayiş olunub, müzakirələr aparılıb.
Çıxış edənlər Firuddin Rəsulovun keçdiyi keşməkeşli həyat yolundan, fəaliyyətindən və s. müsbət cəhətlərindən bəhs edərək, bu gün də ondan öyrənməli çox şeylər olduğunu vurğulayıblar və bildiriblər ki, Firuddin Rəsulovun özü Azərbaycan jurnalistikasında canlı məktəbdir.
Tədbirin sonunda onu təbrik etməyə gəlmiş hər kəsə dərin minnətdarlıq hisslərini çatdırdığını deyən Firuddin Rəsulov qeyd edib ki, artıq bu gün mətbuatda olmasa da, fəaliyyət göstərməsə də, onun hər saatı, hər dəqiqəsi yenə də bu önəmli sahə ilə bağlıdır və özünü mətbuatsız təsəvvür edə bilməz.
Qeyd edək ki, Firuddin Rəsulov əmək fəaliyyətini “Abşeron” qəzetində başlatmış, sonradan həmin fəaliyyətini “Kommunist” və “Xalq qəzet”ində müxtəlif məsul vəzifələrdə davam etdirmiş, “Həyat” qəzetində baş redaktor olmuşdur. Firuddin Rəsulov Mətbuat və İnformasiya nazirliyində də məsul vəzifələrdə çalışıb.
Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini başlatdığı illərdə Firuddin Rəsulov “Kommunist” qəzetinin Qarabağ zonası üzrə xüsusi müxbiri olaraq, erməni millətçilərinin ifşa olunması istiqamətində məqalələrlə çıxış edib. Onun Milli Azadlıq Hərəkatı dövrünə təsadüf etmiş və təqib olunmasına rəğmən, “Topxananın harayı” adlı məqaləsi işıq üzü görəndən sonra, bir milyon insan “Azadlıq” meydanına axışaraq, erməni vəhşiliklərinə qarşı etiraz səslərini ucaltmışdı.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB