Fizika müəliminin direktordan şikayət etməyə nə vadar etdi? - Şikayət

Fizika müəliminin direktordan şikayət etməyə nə vadar etdi? - Şikayət
Bu günlərdə redaksiyamıza Mingəçevir şəhər sakini Kərimova Fatma Müzəffər qızından şikayət məktubu daxil olub. SİA xəbər verir ki, bu məktubda Mingəçevir şəhər sakini, çoxuşaqlı ana, 13 saylı orta məktəbin əvvəldən işləyən fizika müəllimi Kərimova Fatma həmin məktəbin direktoru T.Seyidovanın qanunsuz hərəkətlərindən şikayətlənir. Məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq.

"Əsas şikayətim məktəbin direktoru T.Seyidovanın qanunsuz hərəkətlərindəndir. Prezidentimizin təhsil haqqqında verdiyi fərmanlar kobud surətdə pozulur. Təhsil Haqqında Qanunun tələblərinə əməl olunmur. T.Seyidova məktəb direktoru gələndən bu günə kimi məni işdən qovacağı ilə hədə-qorxu gəlir. Gəldiyi gündən çoxlu sayda işçi qəbul edibtmiş, bir neçəsini yenisi ilə əvəz etmişdi. Bunlardan da biri tədris işləri üzrə direktor müavini Təranə Rzayevanın yaxın qohumu, riyaziyyat-fizika müəllimi Aynur Rəsulovadır. Direktor dərsimi zorakılıqla kəsib, ona verib.
3 ildir ki, fizika dərslərini şikayətlə alıram. Ötən il Nazirliyin nümayəndəsinin köməkliyi ilə şikayətim əsasında mənə 24 saat dərs verildi. Lakin vəzifəsindən sui-istifadə edən direktor 2 saatımı qanunsuz kəsdi, 22 saat dərs verdi. Bu il yenə də dərsimi kəsərək ən aşağı hədd olan 18 saat dərs verib. İki övladım ali məktəbin magistr və bakalavr pilləsində təhsil alır. Mən hər il dərsimi müasir tələbələrə uyğun qurur, yüksək səviyyədə tədbirlər, açıq dərslər keçirirəm. Direktor məktəbdə işlədiyi müddətdə heç bir tədbir, açıq dərs keçməmişdir. T.Seyidovanın təhsildə heç bir nailiyyəti yoxdur. Şagirdlərim hər il şəhər yarışlarında, olimpiadalarında müvəffəqiyyət qazanıblar. Bu il dərs dediyim siniflərdən 16 nəfəri fizikadan yüksək bal toplayaraq respublikanın nüfuzlu ali məktəblərinə daxil olublar. Direktor gəldiyi gündən zəngin fizika kabinetini dağıtdı. Kabinetlər arasında keçirilən müsabiqədə şəhər üzrə I yerə layiq görülmüşdüm. Yenisini düzəltdim. Əyani vasitələri otaqdan-otağa keçirərək dağıtmağa cəhd göstərir. Mənim ümumi məktəb üzrə nailiyyətlərim direktoru maraqlandırmır.
Direktor işlədiyi müddətdə yaxın adamlarına ən yüksək maaş yazır. Əmək haqqı cədvəlini mənim iştirakımla yoxlayın. Mənə dərs verməməsinin digər səbəbi isə onun "qiyabiçi"lərinə "q" yazmağımdır. Dediyim faktları sübut etmək üçün son 3 ilin 11 sinif jurnallarını mənim iştirakımla yoxlayın. Direktor gəldiyi gündən fizika fənninə ayrılan seçim saatlarını düzgün vermir. Proqramda fizika fənni üçün nəzərdə tutulan fakultətiv, fərdi və qrup məşğələləri üçün ayrılan saatları da vermir. T.Seyidova məktəbimizə direktor kimi əmrlə gəlib. Biologiya müəllimi kimi yox! Biologiya dərslərini özü götürür, məşğələ saatlarını isə biologiya müəllimlərinə verir. T.Seyidova gəldiyi gündən mənə hədə-qorxu gəlir, nəinki direktora, müəllimə yaraşmayan, hətta azərbaycanlı qadınına yaraşmayan nalayiq sözlərlə məni təhqir edir. Şikayətim əsasında inspektor, direktorun yaxın rəfiqəsi, ixtisasca rus dili müəllimi Elza Qəniyeva məktəbdə olub. Həyat yoldaşı Əli Qəniyev İcra Hakimiyyətində müavin işləyir.
Xahiş edirəm, qayda-qanunu pozan direktor haqqında təcili tədbir görün", - deyə məktubda qeyd olunur.

Məsələyə münasibət bildirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik nümayəndələri bu məsələdən xəbərsiz olduqlarınıbildirdi və bu müraciətin yaxın zamanlarda araşdırılacağını söylədilər.

Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənməyə çalışsaq da bu səyimiz baş tutmadı.

Qeyd edək ki, məktubda adı çəkilən qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq. Yaxın müddətdə məsələyə yenidən qayıdacağıq...

Bütün xəbərlər Facebook səhifəmizdə