Aktauda Novruz şənliyi keçirilib

Azərbaycanın Aktaudakı baş konsulluğu Novruz münasibətilə bayram şənliyi təşkil edib. Bayram şənliyində Aktauda təhsil alan azərbaycanlı tələbələr, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri, yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki oxunub.

Azərbaycanın Aktaudakı baş konsulu Elxan Zeynalov Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat verib. Bildirib ki, Novruz bayramının qeyd olunduğu ölkələrin, o cümlədən Azərbaycan, Qazaxıstan və bir sıra digər dövlətlərin təşəbbüsü ilə BMT Novruz bayramının bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına salınması və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunması barədə qərar qəbul edib.

Diplomat son illər Azərbaycan Respublikasının qazandığı nailiyyətlərdən bəhs edərək xaricdə yaşayan azərbaycanlılar, eləcə də gənclərimizin əcnəbi ölkələrdə təhsil almaları üçün yaradılan imkanlardan, həyata keçirilən dövlət proqramlarından danışıb. O, bu tədbirin təşkilinin dövlətimizin gənclərə diqqət və qayğısının növbəti göstəricisi olduğunu bildirib.

“Dostluq” Milli-Mədəni Cəmiyyətinin sədri, Aktau şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev, Azərbaycan diasporunun qadınlar cəmiyyətinin rəhbəri Rəfiqə Məsimova və digərləri çıxış edərək Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.

Sonra yumurta döyüşü, Azərbaycan dilində şeir və rəqs ifaları üzrə müsabiqə keçirilib.

Tədbir müddətində Manqistau vilayətində fəaliyyət göstərən “Qarabağ” musiqi ansamblının, müğənnilər Həbib Əliyevin və gənc Nuray Kardaşovun ifasında Azərbaycanın xalq mahnıları səsləndirilib, fidan balalar rəqs ediblər.

Sonda bayram tonqalı alovlandırılıb. İştirakçılar “Yallı” rəqsi edərək bayram tonqalı ətrafında halay vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə