Mart soyqırımı - 100

Erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı törətdikləri soyqırımından artıq 100 il ötür

Tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan dövlətinə, eləcə də, türklərə qarşı müxtəlif yollarla soyqırımı siyasəti həyata keçirərək, təcavüzkar siyasət yürüdüblər. Erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində, ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib və azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi, əsrləri əhatə etsə də, bu barədə əsl həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir və dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.

Hadisələri ardıcıllıqla izləsək, başımıza gətirilən olayların tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan etdiyinin şahidi olarıq. Erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı törətdikləri soyqırımından artıq 100 il ötür. Bu zamana qədər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin nəticəsi olaraq, azərbaycanlıların başına olmazın müsibətlər və faciələr gətirilmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilmişdir. Belə ki, ermənilər xalqımızın tarixini kobud şəkildə saxtalaşdırır, milli-maddi və mədəniyyət abidələri, toponimləri erməni təcavüzünə məruz qalırdı. Bəli, keçən 100 il ərzində minlərlə ziyalılarımızı məhv etməklə, əlifbamızı bir neçə dəfə dəyişməklə, biz Azərbaycan türklərinin sonsuzlaşdırmaq iddiasında olan qüvvələr, qərəzli mövqeləri ilə kim olduqlarını tarix boyu sübut ediblər. Şükürlər olsun ki, milli genefonumuzu və adət-ənənələrimizi qoruyub saxlaya bilmişik.

Elmi-tarixi mənbələrdən, bəlli olduğu kimi, "Türkmənçay" müqaviləsindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayəti"nin yaradıldığı elan edilib, 7331 azərbaycanlı və 2369 erməni ailəsinin məskunlaşdığı İrəvan şəhəri bu vilayətin tərkibinə daxil edilib. Qeyd edək ki, Rusiyanın erməniləri köçürmək siyasəti XX əsrin əvvəllərinə qədər davam edib. Rus tədqiqatçısı Şavrov 1911-ci ildə yazırdı ki, Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu Rusiya tərəfindən son dövrlər köçürülüb. Bu, o deməkdir ki, bütövlükdə, Qafqaz ərazisində yaşayan ermənilərin əksəriyyəti Rusiyanın İran və Osmanlı dövləti ilə müharibələrindən sonra köçürülüblər. Rusiya Qafqazı işğal edəndə, xüsusulə, Şimali Qafqazdaki müharibələr zamanı 2 milyona yaxın müsəlman və türk əsilli insanlar Osmanlı ərazisinə köçdülər. Bununla da, Qafqazda əhalinin milli-etnik tərkibi süni surətdə dəyişdi. O zamanlara qədər bu ərazilərdə ermənilərin sayı, cüzi olsa da, köçürülmə nəticəsində bir milyon nəfərə çatdı. Əslində, o vaxta qədər Bakıda da erməni yox idi.

Bu və ya digər faktlar göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. Xüsusilə, onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur.

MART SOYQIRIMINDA 7 MİN ERMƏNİ ƏSGƏRİ MÜXTƏLİF CƏBHƏLƏRDƏN BAKIYA GƏTİRİLİR

Mart soyqırımı - 1918-ci ilin mart-aprel aylarında başda Stepan Şaumyan olmaqla, erməni daşnaklarının Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınlar Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 mindən artıq günahsız soydaşımızın qətlə yetirilməsinə səbəb olub. Tarixi Azərbaycan şəhəri olan İrəvanda 1920 azərbaycanlının evi yandırılıb, 132 min soydaşımız qətlə yetirilibdir. 1918-ci ilin mart-aprel soyqırımı İsmayıllıdan da yan keçməmişdir. Belə ki, rayona məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürüldüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mücü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə törədilmişdir. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar.

Xatırladaq ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən və orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.

Ermənilər Azərbaycan torpaqlarını işğal etməyə cəhd göstərirdilər. Belə ki, Qarabağda yaşayan ermənilərlə birləşib. Gəncəyə hücum planı hazırlanırdı. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. Demokratik Cümhuriyyətin sənədlərini nəzərdən keçirərkən bəlli oldu ki, mart qırğınlarının törədilməsində o dövrün hakimiyyətinin xüsusi rolu olmuşdur. Şaumyanın Vladimir İliç Lenin tərəfindən Zaqafqaziyaya fövqəladə komissar təyin edilməsi bu hadisələrin daha geniş miqyasda vüsətini genişləndirmişdir. Bu baxımdan, Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir. Təkcə Naxçıvanda 125 kənd dağıdılmış, 50 min nəfər insan qaçqın düşmüş, 45 min insan qətlə yetirilmişdir. Şamaxıda cümə məscidi daxil olmaqla tarixi abidələr dağıdılmış, 8 minə yaxın insan qətlə yetirilmişdir. Tarixin sonrakı mərhələlərində 1948-1952-ci illərdə də azərbaycanlılar ermənilərin qətlinin qurbanına çevrilmişlər. 1943-cü ildə İranda keçirilən Tehran Konfransında İranla SSRİ arasındakı münasibətlər müzakirə olunan zaman oradakı İran fəalları SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək, İrandakı ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Nəticədə, Stalin bu müraciətə öz imzasını atmışdır. O zamankı Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Artunov bu məsələdən maraqları üçün istifadə etməklə, köçürülmə zamanı ermənilərin Azərbaycana köçürülməsi prosesinə köməklik göstərmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Komitəsinin toplantısında Ermənistan əhalisinin və azərbaycanlıların Kür-Araz ərazisinə köçürülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bütün bunları nəzərdən keçirməkdə məqsəd Ermənistanın soyqırımı siyasətini həyata keçirmək üçün yollar axtarmalarını və özlərinin Azərbaycan torpağında məskunlaşmasına nail olmalarını göstərməkdir.

...BİZ SÜVARİ DƏSTƏMİZƏ BİRİNCİ SİLAHLI HÜCUM CƏHDİNDƏN BƏHANƏ KİMİ İSTİFADƏ ETDİK

Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Hadisənin təşkilatçısı olan S.Şaumyan qırğından bir neçə gün sonra 1918-ci il aprelin 13-də RSFSR XKS-yə yazdığı məktubunda etiraf edirdi ki, biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik: "...Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

1918-ci il sentyabr ayının 20-si və 26-da Bakı bolşeviklərini Ağcaqum çöllərində güllələnməyə aparılarkən, yolda qəflətən Anastas Mikoyan və Stepan Şaumyan yoxa çıxmış, yenidən Rusiyada peyda olmuşlar. SSRİ zamanı isə bizlərə Stepan Şaumyan qəhrəman kimi aşılamış və onun Bakı bolşevikləri ilə güllələndiyi bildirilmiş, 70 il ərzində onun kimi yüzlərlə erməni qaniçənlərinin xatirələri əziz tutulmuşdu. Sonradan yenidənqurma və müstəqillik illərində gizli arxivlər açılanda, məlum oldu ki, çox hiyləgər erməni olan Stepan Şaumyan heç də 1918-ci ildə güllələnməmiş, əksinə, ingilis gəmiləri ilə İrana qaçmış, oradan da, İngiltərəyə gedərək, qəribə bir yaşayış məkanı seçərək, ömrünün sonuna kimi Hindistanda yaşamışdır.

ERMƏNİ TERRORU: FAKTLAR VƏ SƏNƏDLƏR

Bu gün dünya ictimayyətinin nəzərinə 31 Mart Soyqırımı ilə bağlı əsaslı dəlillərdən bir olaraq, Quba kütləvi məzarlığı təqdim olunur. Quba şəhərinin şimalında yerləşən kütləvi məzarlıqda 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. Həmin dövrdə Qubada da qətliam oldu, azərbaycanlılarla yanaşı ləzgilər və yəhudilər də qətlə yetirildi, bütövlükdə, Qubada 20 min insan öldürüldü, 122 kənd dağıdıldı. 2007-ci ildə aşkarlanan məzarlıqdakı iki dolu arx insan skeletləri ermənilərin Qubada soyqırımı həyata keçirdiyinin əyani sübutdur. Bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. Artıq dünya ictimaiyyəti bu və digər dəlillər vasitəsilə erməni siyasəti ilə tanış ola bilirlər.

Ermənilər zaman-zaman tarixi təkrarlayaraq, iyrənc siyasətin müəllifinə çevrilirlər. Belə ki, ermənilər Sovet rejimindən bəhrələnərək, ötən əsrin son illərində yenidən azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Bu, əsasən, Sovet dönəmində mərkəzin yürütdüyü siyasət nəticəsində idi. Moskvada çox böyük imkanlara malik olan ermənilərin təzyiqi ilə bu köçürmə siyasəti baş tutdu. Elə son hadisələrə diqqət yetirək. 1988-ci ildə Qarabağ separatizmi başladı. Ulu Öndərimiz Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Qorbaçov hakimiyyəti ermənilər üçün imkanlar yaratdı və indiki Ermənistanda azərbaycanlılara qarşı sonuncu deportasiya həmləsi oldu, 261 yaşayış məntəqəsində yaşayan 250 min soydaşımız doğma torpaqlarından qovuldu. Ermənilər bu zaman da insanlara qarşı vəhşiliklər törətdilər. 1988-ci ildə Ermənistandan 200 minə yaxın qaçqın məcburi surətdə Azərbaycan gəldi. Həmin qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi daha münasib olardı. Yenə də Moskvanın dəsti-xətti burada özünü göstərir. Eləcə də, Azərbaycanda hakimiyyətdə olan Ə.Vəzirovun buna "canfəşanlığı" bu sayda insanların Bakıda cəmləşməsinə səbəb oldu. Məlum proseslərin davamı olaraq, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması və şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq, bu gün ərazimizin 20 faizi işğal altındadır.

Vaxtilə 31 mart tarixində qətlə yetirilən azərbaycanlıların uyuduğu məzarlıqda bu gün həmin yüzilliyin sonunda şəhid olan Vətən oğulları uyuyur. Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciə ilə müqayisə ediləcək dəhşətli cinayət törədilməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutdu. Müstəqil dövlət olaraq bu gün dünyaya qapı açdığımız zamanda tariximizin hər bir səhifəsi bizə ibrət dərsi olmalı, tariximizi unutmamalı və ondan vaxtında düzgün nəticələr çıxarmalıyıq.

BƏŞƏRİYYƏT CİNAYƏTKARLARI TANIMALI VƏ ƏDALƏTİ MÜDAFİƏ ETMƏLİDİR

Çox təəssüflər olsun ki, SSRİ dönəmində və müstəqilliyimizin ilk illərində ermənilərin azərbaycanlılara qarşı qətliamlarına hüquqi-siyasi qiymət verilmədi. SSRİ dövründə bu hadisələr ört-basdır etdirilirdi və ermənilərlə qardaşlıq himni oxutdurulurdu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələlərə hüquqi-siyasi qiymət verdi. 1998-ci ilin mart ayında "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalandı. "Azərbaycanlıların soyqırımı haqqında" Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Bundan sonra tədqiqat işləri başladı və əsərlər yazıldı. 2001-ci ildə isə "Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların məskunlaşması haqqında" Fərman verildi. Biz öz tariximizi, uğurlarımızı, faciələrimizi bilməliyik və düşmənlərimizi tanımalıyıq ki, gələcəkdə belə hadisələr baş verməsin.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya, dünyanın bir çox şəhərlərini əhatə etməklə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və diaspor təşkilatlarını da bu prosesə cəlb edib. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər keçirilən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəldir. Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdır. "Xocalıya ədalət" kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə, ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.

"BU İŞĞALIN SONU YA SÜLH MÜQAVİLƏSİDİR, YA DA QAÇILMAZ MƏĞLUBİYYƏTDİR"

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində, artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir". Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir. Tarix heç zaman unudulmur və tarixi saxtalaşdırmaq qeyri-mümkündür.

Aygün Eminova,

4 saylı "ASAN Xidmət" Mərkəzi qeydiyyat şöbəsinin rəisi,

Xəzər rayonu və Şuşa rayon qeydiyyat şöbələrinin rəis əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə