İrandan Azərbaycana keşmək istəyən suriyalı saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərində özünə məxsus 2 ədəd Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkarlanıb.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə