Rusiyalı qubernator: "Moskva vilayəti Azərbaycanın təcrübəsindən istifadə edəcək"

Moskva vilayəti şəhərlərin abadlaşdırılması və kənd təsərrüfatının inkişafı məsələlərində Azərbaycanın təcrübəsindən istifadə edəcək.

AZƏRTAC “Moskva-Bakı”ya istinadla xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov saytın müxbirinə müsahibəsində Moskvaətrafının Azərbaycanla əməkdaşlığından bəhs edərkən söyləyib.

Qubernator deyib: “Azərbaycanla möhkəm dostluq əlaqələrimiz var. Mən bu yaxınlarda kənd təsərrüfatında idarəçilik təcrübəsini öyrənmək məqsədilə Azərbaycan Respublikasında səfərdə oldum. Azərbaycan güclü aqrar ölkədir. Rusiyanın müxtəlif yerlərinə, o cümlədən paytaxtına Azərbaycan məhsulları göndərilir. Bu sahəni inkişaf etdirmək Moskva vilayəti rəhbərliyinin də əsas vəzifəsidir. Moskvaətrafında tərəvəz məhsulları – xiyar, pomidor yetişdirilir və bu biznesə azərbaycanlı iş adamları da cəlb edilib. Onlar bu fürsəti əldən vermir, kənarda qalmırlar, çünki bu sahəyə gözəl bələddirlər, necə deyərlər, əlinin içi kimi bilirlər. Həm Rusiyada, həm də Azərbaycanda istər yerli, istərsə əcnəbi olsun, hər bir sərmayəçinin özünü rahat və təhlükəsiz hiss etməsi mühüm amildir. Bu bizim başlıca, strateji vəzifəmizdir”.

Andrey Vorobyov Azərbaycana səfəri zamanı Bakının abadlaşdırılması təcrübəsini də öyrənib. “Küçələrdə insanlarla söhbət etdim, onlar üçün şəhərdə nəyin cəzbedici olduğunu soruşdum. “Köhnə şəhər”də, möhtəşəm dənizkənarı bulvarda oldum. Əlbəttə, Azərbaycan paytaxtının bu yerləri dəbdəbəlidir. Biz də Moskvaətrafının abadlaşdırılması yolu ilə irəliləyirik. Düşünürəm ki, bu istiqamətdə Bakının yaxşı təcrübəsindən faydalana bilərik”, - deyə Moskva vilayətinin qubernatoru vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə