® Səməd Seyidov: "Təəssüf ki, qışqır-bağır, təhqir, “qara piyar” kimi üsullar müxalifət üçün əsas üsullardır" - MÜNASİBƏT

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 36 saylı Xətai IV seçki dairəsindən namizədi, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun SİA-ya müsahibəsi

 

- YAP-ın seçkiqabağı təşviqat kampaniyası hazırda necə gedir?

 

- Parlament seçkilərində Yeni Azərbaycan Partiyası çox mütəşəkkil və yüksək səviyyədə seçki kampaniyası təşkil edib. Bu yalnız mənim fikrim deyil. Sıravi YAP-çıların, vətəndaşların mövqeyidir. YAP doğurdan da seçki kampaniyasında partiyanın nüfuzunu, onun qüdrətini, təsir qabiliyyətini göstərir. Ona görə birmənalı deyə bilərəm ki, seçki kampaniyası normal və dünyada qəbul olunan partiyalar üçün qanun qaydalar əsasında həyata keçirilir. Biz təşviqat kampaniyasına çox hazırlıqlı vəziyyətdə başladıq.

Yeni Azərbaycan Partiyası təşviqat kampaniyasının əvvəlindən axırınadək kampaniyanı ən yüksək səviyyədə və qanunvericilikdə nəzərdə tutulan bəndlərə əməl olunmaqla aparacaq, heç zaman qanun pozuntusuna yol verilməyəcək. YAP özündə güc hiss edərək qanunun aliliyini qoruyur. Bu da partiyanın nə qədər inkişaf etdirilməsi və yüksək mərhələyə qalxmasının əlamətlərindən biridir. Eyni zamanda təşviqat kampaniyasının aparılmasında YAP-ın hər bir namizədi yalnız öz gücünü ortaya qoymur. Çünki arxamızda böyük bir güc və görülmüş böyük işlər mövcuddur. Bununla yanaşı, YAP-ın hər bir namizədi özündə böyük məsuliyyət də hiss edir. Çünki məhz biz xalqın səsini hər yerə çatdırırıq. Biz artıq siyasi partiya səviyyəsindən xalqın partiyasına çevrilən bir qüvvəyə dönmüşük.

 

- 36 saylı Xətai IV Seçki dairəsindən namizədliyi irəli sürülmüş şəxs kimi təşviqat kampaniyanız nə vaxt başlayıb və necə gedir?

 

- Təşviqat kampaniyasının başlanılması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının konkret olaraq təlimatı var. Təşviqat kampaniyası başlanan ilk gündən bəlkə də mən deyərdim ki, ilk saatlardan icazə əldə etdiyimizdən sonra biz öz şəkillərimizi plakatlarımızı, görüşlərimizi, seçicilərimizlə söhbətlərimizi onlarla elektron və canlı ünsiyyət vasitələrindən istifadə edərək görüşlərin təşkil olunması və.s işlərin təşkil olunması işlərini görməyə başlamışıq. Bununla yanaşı deməliyəm ki, mənim təşviqat kampaniyam çox yüksək səviyyədə təşkil olunub. Ona görə ki, seçicilər məni çox yaxşı tanıyır. Mən birinci dəfə deyil ki, Xətai rayonundan namizədliyim irəli sürülür. Artıq üçüncü dəfədir ki, Milli Məclisə namizəd kimi irəli sürülmüşəm. Ona görə insanlara ünsiyyətdə olmaq mənim üçün çox rahatdır. Onlar mənim işlərimə bələddilər və gözəl bilirlər ki, onların namizədi nəyə qadirdir və hansı işləri görə bilər. Ona görə, söhbətimiz həmişə çox konkret, obyektiv və hesab edirəm ki həm Xətai rayonu üçün, həm də mənim üçün çox əhəmiyyətli istiqamətdə təşkil olunub. Mən seçicilərimə hansı vədləri vermişəmsə, hamısını yerinə yetirmişəm. Əgər yenidən seçicilərin etimadını qazanaraq növbəti dəfə millət vəkili seçilsəm, indiyə qədər apardığım siyasəti davam etdirəcəyəm

Eyni zamanda bu gün Azərbaycanda demokratik, hüquqi vətəndaş cəmiyyəti formalaşır. Dövlətimizin yeritdiyi siyasət nəticəsində mükəmməl seçki sistemi təşəkkül tapıb. İndi Azərbaycan seçicisi daha sayıq, daha cəsarətlidir və hadisələrin, proseslərin gedişini düzgün qiymətləndirmək, öz taleyini sərbəst şəkildə həll etmək gücünə malikdir. Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi əsasını təşkil edir. Xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir.

 

- Seçki prosesində bəzi namizədlər "qara piar" aparmağa üstünlük verirlər. Müxaliflərin bu mövqeyi sizin fikrinizcə nə dərəcədə düzgündür? Xüsusəndə partiyanın siyahı məsələsində.

 

- Dünən İctimai televiziyada çıxışım oldu. Elə həmin "qara piyar"ı gördüm. Müxalif qüvvələrin heç bir əsası olmayan təhqiryanı sözlərinin şahidi oldum. Amma bilirsiniz ki, onların səviyyəsi budur. Təəssüfki qışqır-bağır, təhqir, "qara piyar" bu üsullar onlar üçün əsas üsullardır. Bizim üçün isə əsas üsullar isə, gördüyümüz işlər, əldə etdiyimiz nailiyyətlər, xalqla birliyimiz və Azərbaycanın bu günki dünyada mövqeyi, çəkisi və təsiretmə qabiliyyətidir. Bu iki məsələni tərəziyə qoyanda görsənir ki, haqq-ədalət və bizim mövqeyimiz qat-qat üstündür. Buna görə ki, yox ki tərəzi bunu göstərir. Ona görə ki, xalq bunu belə istəyir. Xalqın gözü isə tərəzidir.

YAP-ın ən əsas xüsusiyyətlərindən biri də odur ki, partiyamız daim inkişaf edən və tərəqqini qəbul edən partiyadır. Siyahıya baxanda seçkidən seçkiyə yeniləşmənin olduğunu görürük. Hər seçkidə YAP-ın namizədləri arasında qadınların sayına, yaş fərqinə baxın. Həmçinin, hər seçkidən seçkiyə YAP-ın namizədlərinin səviyyəsinə baxın: təhsil, dil bilmə, dünyagörüşü, intellektual səviyyəsi, beynəlxalq aləmdə əlaqələrinin olması. Bütün bunları tərəzinin bir gözünə qoyun, o biri gözünə isə "radikal müxalifət" adlanan partiyaların nümayəndələrini qoyun. 20 il bundan əvvəl hansı simaları, mövqeyi, münasibətləri görmüşüksə, indi də elədir. Yəni, öz içərisində inkişafı əks etdirmək qabiliyyəti olmayan, müxalifətçiliyi özünə şərəf bilənlər mövqelərini inkişaf etdirə bilməzlər. Bu nöqteyi-nəzərdən mən təəssüflənirəm ki, radikal müxalifət partiyalarının radikallıqdan əl çəkib normal konstruktiv mövqeyə gəlmək cürəti müşahidə olunmur.

Eyni zamanda müxalifət nümayəndələri və qəzetlərinin, həmçinin başqa insanların YAP-ın namizədlər siyahısına olan marağı onu göstərir ki, real güc bu siyahıdadır. İkincisi, müxalifətin, yaxud başqa qurumların bu siyahı içərisində hansısa ziddiyyətlər axtarması da təbiidir. Çünki onlar hansısa bir vasitə ilə YAP-ın vahid namizədlər siyahısına bir əngəl törətmək istəyirlər.

 

- Qarşıdan gələn parlament seçkilərində "exit-poll"u yalnız bir qurum keçirəcək. Bu ilki Milli Məclis seçkilərində Beynəlxalq təşkilatların "exit-poll" keçirmək istəməməsini nə ilə əlaqədardır?

 

- Azərbaycanda tək "exit-poll"la yanaşı Avropa Şurasından, Avropa Birliyindən, ATƏT-dən başqa beynəlxalq təşkilatlardan, müxtəlif ölkələrin parlamentlərindən müşahidəçilər gələcək. Onlar hər bir seçki məntəqəsində, hətda seçki qutularının yanında olmaq ixtiyarına malikdirlər. Azərbaycan açıq bir ölkədir və açıq bir ölkədə müşahidəçilərin ən yüksək səviyyədə işini təşkil etməsi üçün bütün lazımı şərait yaradılıb. Ümumi şəkildə inkişaf istiqamətində cərəyan edən proseslər dünyada çox gözəl müşahidə olunur. Bu inkişaf edən proseslər içərisində Azərbaycanda təşkil olunmuş seçkilərin nəticəsi olaraq Avropada, dünyada ölkəmizdə keçirilən seçkilərə artıq inam formalaşıb. Ona görə hesab etmirəm ki, burada nəsə bir problem var. Əksinə biz bu saat dünyaya daha çox açıqıq nəinki keçmiş illərdə. Çünki gizlətməyə heçnəyimiz yoxdur. Ona görə ki, xalq və Azərbaycan iqtidarı bir istiqamətdə, bir nöqtəni hədəf tutaraq fəaliyyət göstərir. Bu isə Azərbaycanın gələcəyi və inkişafıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə