Qarabağ Fondu ABŞ-ın ictimai televiziya kanalının rəhbərliyinə müraciət edib

Qarabağ Fondu ABŞ-ın ictimai televiziya kanalının rəhbərliyinə müraciət edib
Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın PBS (İctimai) televiziya kanalına və bu kanalın prezidenti Paula Kergerə müraciət edib. Fondan SİA-ya verilən xəbərə görə, müraciətdə deyilir:

"Xanım Kerger, 2010-cu il oktyabrın 24-də PBS kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında "Sülh və Müharibədə yaşayan insanların əhvəlatı" adlı ziddiyətli sənədli filmini yayımlayıb. Yayımlanmış bu sənədli filmdə Qarabağ bölgəsinin əhalisinin 80%-i təşkil edən azərbaycanlıların tarixi və mədəni irsi haqqında heç bir söz açılmamışdır.
Biz PBS televiziya kanalına tövsiyyə edərdik ki, Qarabağ bölgəsinin mədəniyyəti və tarixi haqqında Azərbaycan mövqeyini əks etdirən filmləri də yayımlasın. Belə filmlər geniş Amerika auditoriyasına nəinki şərqdə ilk demokratik respublika olmuş Azərbaycanı tanıdar, həm də bu ölkənin dünya mədəniyyətinə verdiyi böyük tövhəni və müstəsna rolunu da göstərmiş olar.
Biz Qarabağ Fondu olaraq hər zaman PBS televiziya kanalına Azərbaycan tarixi, incəsənəti və mədəni irsi haqqında həqiqətləri əks etdirən sənədli materialları təqdim etməyə hazırıq".

Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökümət təşkilatıdır. Bu təşkilat ABŞ-da QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə