Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar muxtar respublika paytaxtında bir sıra mədəni-kütləvi tədbirlər keçirilir. Tədbirlər planına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika birinciliyi təşkil olunub. Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən oyunda 8 komanda mübarizə aparıb.
Yekun nəticəyə əsasən Naxçıvan şəhərinin “Turan” komandası intellektual oyunun qalibi olub. Digər iki pillədə isə Sədərək rayonunun “Əjdəkan” və Kəngərli rayonunun “Kəngərli” komandaları qərarlaşıblar.
Sonda qalib komandalara diplom, plaket və oxunması zəruri olan kitablar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanvarın 31-də “2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkənin mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir sıra gəncə Prezident mükafatı verilib. Onlar arasında Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova da var.
İntellektual oyunun qalibləri təltif olunduqdan sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Zümrüd Səfərovaya mükafatı təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB