Azərbaycan səfiri Tacikistanın kənd təsərrüfat naziri ilə görüşüb
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin kənd təsərrüfat naziri Sattori İzatullo ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Danışıqlarda iki ölkə arasında siyasi sahədə səmimi dostluq münasibətlərin olması vurğulanıb, bunun iqtisadi və ticari əlaqələrin daha da dərinləşdirilməsinə təsir edəcəyi bildirilib. Görüşdə ölkələrimiz arasında kənd təsərrüfat sahəsində qarşılıqlı sərmayə qoyuluşu haqqında geniş fikir mübadiləsi aparılıb.
Həsən Məmmədzadə son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, kənd təsərrüfat sahəsində əldə olunan uğurlardan danışıb, fermerlərə subsidiyaların ayrılması, həmçinin heyvandarlığın, tütünçülüyün, pambıqçılığın, çayçılığın inkişafı barədə ətraflı məlumat verib.
Səfir Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlardan da danışıb, ölkəmizin bununla bağlı təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Nazir Tacikistanın kənd təsərrüfat sektoru barədə ətraflı məlumat verib, Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasının protokoluna əsasən ölkələrimiz arasında əməkdaşlığın və təcrübə mübadiləsinin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB