Ağcabədidə "Xocalı bizik" adlı anım tədbiri keçirilib

Ağcabədidə "Xocalı bizik" adlı anım tədbiri keçirilib

YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı qadınlar şurasının və Gənclər Təhsil Mərkəzi Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş "Xocalı bizik" adlı anım tədbiri keçirilib.

Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının sədri Radə Telmanqızı bildirib ki, tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir: "Erməni şovinist-millətçi qüvvələrin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı, məhz insanlığa qarşı törədilmiş bu cür amansız cinayətlər sırasındadır. Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Buna görə də, hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə öz üzərinə düşən vəzifəni dərk etməli və layiqincə yerinə yetirməlidir".

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov və məsləhətçi Mehman Novruzov, N saylı hərbi hissənin əsgərləri çıxış edərək, Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıblar. Xocalı soyqırımının Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, soyqırımı aktının bir sıra dünya ölkələrində anıldığı bildirilib.

Tədbirdə GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin və Məmməd Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbin şagirdlərinin birgə hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə