Həzərxan Əbilov: “ATİAHİ fəaliyyətini işçilərin sosial müdafiəsinə yönəldib”
“Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə belə bir güclü həmkarlar ittifaqı təşkilatının olmasına görə ümummilli lider Heydər Əliyevə borcludur. Ulu Öndərin həmkarlar ittifaqı təşkilatlarına dəstək siyasəti hazırda Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov deyib.
Komitə sədri qeyd edib ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olur: “1 milyon 600 min nəfəri özündə birləşdirən böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı isə öz sıralarında 380 mindən artıq ittifaq üzvünü birləşdirir. İttifaqın Xəzər rayon Komitəsinin xidmətində olan idarə, müəssisə və təşkilatların sayı 69-dur. Rayon ərazisində təhsil idarə və müəssisələrində işləyənlərin demək olar ki, əksəriyyəti - 4230 nəfər həmkarların üzvləridir. Həmkarlar təşkilatı mütəmadi olaraq təhsil işçilərinə maddi cəhətdən köməklik göstərir, eyni zamanda onların istirahətinin səmərəli təşkili üçün müvafiq işlər görür. Hər il bayramlarda - 8 mart Beynəlxalq Qadınlar günündə, Novruz bayramında, 5 oktyabr Beynəlxalq Müəllimlər günündə təşkilatımızın üzvü olan 3311 müəllimə hədiyyələr verilir. Vurğulamaq istəyirəm ki, bu humanist addım bundan sonra da davam etdiriləcək. Hər ay 150 müəllimə maddi yardım göstərilir. Biz çalışırıq ki, ehtiyacı olan təhsil işçilərinin problemlərini həll edək, 60 yaşdan yuxarı müəllimlərin yubileylərinin keçirilməsi üçün də tədbirlər keçirib, onları mükafatlandıraq. Bir faktı da qeyd edim ki, təhsil işçiləri arasında voleybol, mini futbol, stolüstü tennis, şahmat, dama və digər idman növləri üzrə yarışlar keçirməyi də qərara almışıq. Təbii ki, qaliblər mükafatlandırılacaq.
H.Əbilov bizimlə söhbətində onu da vurğulayıb ki, qarşıdan prezident seçkiləri gəlir. Xəzər rayonunun təhsil işçiləri də bir nəfər kimi 11 aprel tarixində seçki məntəqələrinə gedib Azərbaycanın gələcəyini təmin edən, onu işıqlı sabaha inamla aparan şəxsə səs verəcəklər: “Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkəmizdə azad və demokratik cəmiyyətin qurulmasıdır. Ölkədə hər bir vətəndaşın mənafeyinə hesablanmış sosialyönümlü islahatlar da hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir”.
Qeyd edək ki, Həzərxan Əbilov 20 il Xəzər rayonundakı 136 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən onun əməyi yüksək qiymətləndirilib və “Tərəqqi” medalı ilə təltif edilib. 2012-ci ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB