Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçiriılib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçiriılib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib. SİA-nın xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Ali Məhkəmənin 2010-cu il 5 iyul tarixli sorğusu ilə bağlı konstitusiya işinə baxılıb.

 

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin qanuni nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

 

Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə