Aqiyə Naxçıvanlı:"Oğuz qadınlarının əzmkarlığı daim diqqət mərkəzindədir" FOTO
Oğuza növbəti gəlişi ərəfəsində Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Milli Məclisin deputatı xanım Aqiyə Naxçıvanlı Oğuz rayonunun fəal qadınları ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan komitə sədri respublikamızın və cəmiyyətin inkişafında qadınların rolundan, ölkəmizdə dövlət siyasətinin uğurla həyata keçirilməsində, rayonlarda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə onların aktiv iştirakından geniş məlumat verib.
"Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Bu gün qadınlar öz vətəndaş mövqeyi, qadın hünəri ilə kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəldilmiş neçə-neçə uğurlu layihələr həyata keçirilməkdədir. Regionlara da sirayət edən bu reallıq fəal qadınların üzərinə düşən məsuliyyəti daha da artırır, onların qarşısında yeni vəzifələr qoyur. Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir" - deyə, Aqiyə Naxçıvanlı qeyd edib.
Daha sonra erkən nikahlar, məişət zorakılığı, boşanmalar və s. kimi problemlər barədə geniş məlumat verən Aqiyə xanım Oğuz qadınlarının əsas problemlərinin nə olduğunu, onların qadın olaraq Oğuzda nələri görmək istədiklərini və bu sahədə təkliflərini dinləməyə hazır olduğunu bildirib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi şəraitində davam edən tədbirdə çıxış edənlər Oğuzda qadın sahibkarlara dəstəyin vacibliyi, işə qəbul və vəzifədə irəli çəkilmə zamanı qadın işçilərə üstünlük verilməsi, qadınlar üçün psixoloji məsləhətxanaların yaradılmasına ehtiyac olması, asudə vaxtın düzgün və səmərəli təşkili, körpələrə görə analara verilən müavinətlərin artırılması barədə fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçıları qadınlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, həmişə olduğu kimi dövlətə və dövlətçiliyə sadiq olan Oğuzlu qadınların bundan sonra da Prezidentimizin ətrafında sıx birləşərək, ölkə başçısının apardığı müdrik və uzaqgörən siyasəti dəstəkləyəcəklərini, Azərbaycanın daha da inkişafı naminə öz layiqli töhvələrini verəcəklərini əminliklə qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB