Elnur Kələntərli: “Cari ilin 9 ayı ərzində 127 634 ailə ünvanlı dövlət sosial yardımı alıb” - Açıqlama

Elnur Kələntərli: “Cari ilin 9 ayı ərzində 127 634 ailə ünvanlı dövlət sosial yardımı alıb” - Açıqlama
Cari ilin 9 ayı ərzində 127 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. SİA-nın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli məlumat verib. O bildirib ki, həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödənilib. Bir ailə üzvünə 23,96 manat ünvanlı dövlət sosial yardımın düşdüyünü deyən E.Kələntərli vurğulayıb ki, yardım alanların 41,1 faizi tərkibində 3 və daha çox uşaq olan ailələrdir.

Ünvanlı dövlət sosial yardımların verilməsində yaranan problemlərə münasibət bildirən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, insan amili olan yerlərdə hər zaman mənfi siqnallar daxil olur: "Lakin bununla əlaqədar nazirlik tərəfindən mütəmadi araşdırmalar, mübarizə aparılır. Ötən müddət ərzində mövcud qaydaları pozduğuna görə 200-ə yaxın əməkdaşa töhmət verilib, 20-dən artıq əməkdaş işdən azad olunub, 227 mindən artıq ödəmə vəsaiti isə yenidən dövlət büdcəsinə qaytarılıb. Əhalinin ünvanlı dövlət sosial yardımların verilməsi ilə bağlı hansısa problem olarsa, bu barədə nazirliyə müraciət etsinlər".

E. Kələntərli qeyd edib ki, ünvanlı dövlət sosial yardımların səmərəliyi və ünvanlığını yoxlamaqdan ötrü Dünya Bankının müstəqil ekspertləri tərəfindən monitorinqlər aparılıb: "Bu monitorinqdə 6600 ev təsərrüfatı nəzarətdən keçirilib. Monitorinqin nəticələrinə görə, bu proqram ən effektiv tədbirlərdən hesab olunub. Bundan əlavə, proqramın ünvanlılığına 90 % əməl olunduğu bildirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə