“Bu, Əhəd Abıyevə qarşı şər-böhtan kampaniyasıdır” - İH-dən açıqlama

“Bu, Əhəd Abıyevə qarşı şər-böhtan kampaniyasıdır” - İH-dən açıqlama

Daşkəsən İcra Hakimiyyəti ittihamlara cavab verdi

Bu günlərdə 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlərdə ağır şəkildə yaralanmış Arzu Məmmədovun bəzi saytlarda videomüsahibəsi yayılıb. O, müsahibədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevi bəzi məsələlərdə ittiham edib. A.Məmmədov iddia edib ki, yaralanıb hospitalda müalicə aldığı vaxtlarda icra hakimiyyətindən heç kim onunla maraqlanmayıb, baş çəkməyib, problemləri ilə maraqlanmayıb. O, başqa məsələlər barədə də öz narazılığını bildirib.

Bu müsahibə yayıldıqdan sonra Arzu Məmmədovun əmisi qızı, Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aida Nağıyevanın adından mətbuata, o cümlədən “Yeni Müsavat”ın elektron ünvanına müraciət ünvanlanıb.

A.Nağıyeva müraciətində bildirir ki, əmisi oğlu Arzu Məmmədov haqda bəzi məsələlərə aydınlıq gətirmək istəyir.

Müraciətdə bildirilir ki, Gəncə şəhərində qeydiyyatda olan Arzu Məmmədov 2016-cı ilin aprel döyüşləri zamanı yaralanarkən ölkə rəhbərliyinin diqqətindən kənarda qalmamış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsən müalicə olunan yaralı hərbçilərin hər biri ilə görüş keçirərək onlara xüsusi tibbi xidmət göstərilməsi üçün tapşırıqlarını verib.

Aida Nağıyeva müraciətində sonra bildirir: “Arzu Məmmədov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə onun valideynləri ilə görüş keçirib, hər cür köməklik və dəstəyini göstərərək onlara lazımi diqqət və qayğı ilə yanaşıb. Arzu Məmmədov Gəncə şəhərində pasport qeydiyyatında olduğu üçün onun mənzil məsələsi Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsinin səlahiyyətlərinə aiddir. Bu məsələnin Daşkəsən rayonuna heç bir aidiyyəti və bağlılığı yoxdur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı müharibə iştirakçısı olan əlillərə və onların ailələrinə, xüsusilə şəhid ailələrinə həssaslıqla yanaşır, hər zaman onlara yüksək səviyyədə xidmət, diqqət və qayğı göstərir.
Qarabağ qazisi Arzu Məmmədov saytlarda yazır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti sabiq işçisi İlhamə Bayramovanın həbs olunmasına imkan vermir (A.Məmmədovla İlhamə Bayramovanın arasında pul mübahisəsi var - “YM”). Halbuki Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı rayonda sələmə borc pul verən bir neçə şəxslərlə yaranmış problemlərlə əlaqədar, o cümlədən İlhamə Bayramova ilə bağlı rayon polis şöbəsinə şəxsən özü müraciət etmiş, şöbənin istintaq bölməsi də İlhamə Bayramovanın barəsində bu müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işinə başlayaraq araşdırma aparıb.

Onu da qeyd edim ki, rayon icra hakimiyyətinin müraciəti əsasında hətta İlhamə Bayramovanın yaşadığı mənzilə rayon məhkəməsinin, polis şöbəsinin, prokurorluğun, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının, həmçinin İlhamə Bayramovanın özünün və atasının iştirakı ilə baxış keçirilib, operativ olaraq qaldırılmış məsələ RİH-də gecə saat 3-ə kimi hər tərəfli araşdırılaraq müzakirə edilib və hüquqi qiymət verilməsi üçün rayon hüquq-mühafizə orqanlarına İlhamə Bayramova ilə bağlı, həm də rayonda sələmə pullar verənlərlə bağlı tədbir görülməsi üçün aidiyyəti göstərişlər verilib".

Müraciətdə deyilir ki, istintaq zamanı məhkəmənin qərarı əsasında əldə edilmiş telefon danışıqlarının siyahısı və digər texniki qurğulardan ötürülən sübutlar əsasında Arzu Məmmədovla onun qohumu İlhamə Bayramova arasında mübahisənin, Arzu Məmmədov tərəfindən İlhamə Bayramovaya sələmə verilmiş pulların İlhamə Bayramova tərəfindən qaytarılmaması ilə bağlı yaranması səbəbi hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların nəticəsində tam öz təsdiqini taparaq müəyyən edilib: “Daşkəsən Rayon Prokurorluğunda aparılmış obyektiv istintaq zamanı Arzu Məmmədovun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, yazdıqları əsassız, böhtan sayılaraq cinayət işinin onunla bağlı hissəsinə 13.11.2017-ci il tarixli qərarla hissəvi xitam verilmişdir.

Lakin İlhamə Bayramova digər cinayət əməllərinə yol verdiyinə görə dələduzluq maddəsi ilə təqsirkar bilinərək barəsində olan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hazırda məhkəmə baxışındadır. Arzu Məmmədovun qohumu İlhamə Bayramovaya sələmə verdiyi pullarla bağlı aralarında yaranmış mülki iddialı işin həlli Daşkəsən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir".

Müraciətdə deyilir ki, məsələyə rayon hüquq-mühafizə orqanlarında araşdırılaraq hüquqi qiymət verilib və bu barədə maraqlı şəxslər, o cümlədən şikayətçi Arzu Məmmədovun özü də məlumatlandırılıb.

Müraciətdə daha sonra bildirilir ki, Arzu Məmmədovla İlhamə Bayramovanın arasında olan borc pul mübahisəsinin 2 il 6 ay bundan əvvəl baş verməsinə və A.Məmmədovun həmin məzmunlu şikayətinin əsassız olması barədə Daşkəsən Rayon Prokurorluğu tərəfindən 13.11.2017-ci il tarixdə qərar qəbul edilməsinə baxmayaraq, o, həmin qərardan bu günədək heç bir yuxarı instansiyalara şikayət və narazılıq bildirməyib. Aida Nağıyeva iddia edir ki, əmisi oğlunun bu günlərdə məsələni mətbuatda gündəmə gətirməsi Əhəd Abıyevin ümumrayon hesabat yığıncağındakı çıxışı ilə bağlıdır.

Onun sözlərinə görə, başçı Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra ona qarşı qara “piar” kampaniyasına start verilib.

A.Nağıyeva bildirir ki, Arzu Məmmədov 2008-ci ildən 2010-cu ilə kimi “Kapital Bank”ın Daşkəsən filialında kredit şöbəsində müfəttiş işləyib. Onun sözlərinə görə, A.Məmmədov həmin dövrdə bəzi şəxslərə faizlə sələmə pul verib, filialın sabiq müdiri Rauf Yusifovu şərləyərək onun işdən çıxarılmasına nail olub: “Kredit mütəxəssisi işləyən Arzu Məmmədov bir müddət filial müdiri vəzifəsini icra edərək ayrı-ayrı vətəndaşlara sələmə və kreditə verdiyi pullarla bağlı bankda yaratdığı ciddi problemlərə görə işdən azad edilib. Sonra da o, rayondan qaçıb gedərək hərbi hissələrin birində müddətdən artıq xidmət edən əsgər (MAXE) kimi xidmətə başlayıb.
Bildirirəm ki, Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı yaydığı məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır, ona və ailəsinə qarşı, ümumiyyətlə, hər hansı bir hədə-qorxudan söhbət belə gedə bilməz, o, bəzi maraqlı şəxslərin təsiri altına düşərək onların qarayaxma kampaniyasına xidmət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə