AHİK-in dövlət təltiflərinə layiq görülən fəallarına mükafatlar təqdim olunub
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqları fəallarına fevralın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mükafatlar təqdim edilib.
Tədbiri AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şuranın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb. Sədr məlumat verib ki, AHİK-in V qurultayı və Konfederasiyanın 25 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə həmkarlar ittifaqları təşkilatlarının 114 üzvü fəxri adlarla təltif olunub. Onlardan 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 4 nəfər “Əməkdar Həkim”, 4 nəfər “Əməkdar Mədəniyyət İşçisi”, 3 nəfər “Əməkdar Müəllim”, 1 nəfər “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına, 98 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
AHİK sədri deyib ki, dövlətimizin başçısı Azərbaycan həmkarlar ittifaqları fəallarının təltif olunması ilə bağlı bundan əvvəl də belə sərəncamlar imzalayıb. Azərbaycan Prezidenti tərəfindən təltif olunanların sayı ümumilikdə 344-ə çatıb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub. Bu yüksək diqqətə görə Prezident İlham Əliyevə AHİK-in üzvləri adından dərin minnətdarlığını bildirən S.Möhbalıyev Konfederasiyanın bu etimadı layiqincə doğruldaraq mühüm uğurlar qazandığını və bundan sonra da qazanacağını bildirib.
Sonra dövlət təltiflərinə layiq görülənlərə orden, medal və vəsiqələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə