2018-ci ilin yanvar ayı üzrə Azərbaycan ərazisində müşahidə olunmuş hidrometeoroloji şərait açıqlanıb. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin vəziyyəti haqqında aylıq bülleteninə istinadən verdiyi xəbərə görə, yanvar ayında hava şəraiti nisbətən mülayim keçib.
Lakin ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit, şaxtalı keçmiş, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub: “Yanvarın 28-29-da Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 3.1°C aşağı olub. Havanın minimal temperaturu Aran rayonlarında 2-4°C şaxta, dağlıq rayonlarda 10- 15°C şaxta, Naxçıvan MR-də 4-9°C şaxta, Bakıda və Abşeron yarımadasında 0-2°C şaxta, yüksək dağlıq ərazilərdə 15-20°C şaxta, Tufandağda 23-25°C şaxta təşkil edib”.
Qar örtüyünün hündürlüyü Rvarudda 42 sm, Yardımlıda 32 sm, Lerikdə 30 sm, Sarıbaşda 20 sm, Kəlvəzdə 19 sm, Xınalıqda 17 sm, Qırızda, Qaxbaşda 15 sm, Xaltanda, Altıağacda 12 sm, Kişçayda, Qubada 10 sm, Kirəndə 11 sm, Göytəpədə, Şəkidə 9 sm, Şamaxıda, Qusarda 8 sm, Oğuzda 7 sm, Mərəzədə, Daşkəsəndə 6 sm, İsmayıllıda, Qəbələdə 5 sm, Qubanın dağlıq ərazilərində 10-18 sm olub: “Yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb. Yağıntılar əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olub. Ay ərzində əsasən şimal-qərb küləyi əsib”.
Bülletendə qeyd olunub ki, yanvar ayında respublikanın bəzi rayonlarında tez-tez duman müşahidə edilib: “Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Yanvar ayının əksər günlərində mülayim temperatur rejiminin olması Aran rayonlarında payızlıq dənli bitkilərdə vegetasiyanın zəifləməsinə səbəb olub və bitkilərdə kollanma və buğum bağlama mərhələləri qeydə alınıb. Dağətəyi rayonlarda istiliyin kifayət qədər olmaması bitkilərdə vegetasiyanın dayanmasına səbəb olub. Bitkilərin boyu Aran rayonlarında ayın üçüncü dekadasında 18-22 sm, dağətəyi rayonlarda 8-11 sm olub, 1m² sahədə bitkilərin sayı 139-440 qeydə alınıb. Əkinlərin vəziyyəti əsasən yaxşıdır”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB