Hindistanın ölkəmizdəki səfiri “Yaşıl çay” MMC-də

Hindistanın ölkəmizdəki səfiri “Yaşıl çay” MMC-də

Fevralın 15-də Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Lənkəran rayonuna səfəri çərçivəsində “Yaşıl çay” FT MMC-yə baş çəkib. SİA-nın məlumatına görə, xarici diplomatı çay plantasiyasında müəssisənin İcraçı direktoru Elşad Yaqubov və başqaları qarşılayıb.

Elşad Yaqubov hörmətli qonağı təsərrüfatın rəhbəri, hazırda Rusiya Federsiyasında ezamiyyətdə olan Araz Yağubovun adından salamlayaraq təsərrüfat barədə ətraflı məlumat verib. Bildirib ki, sovetlər dönəmində Azərbaycanda ilk çayçılıq təsərrüfatı İstisu qəsəbəsində salınıb. İlk çay emalı fabriki də burada tikilib. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda ölkə rəhbərliyinin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. 2006-cı ildə yaradılan “Yaşıl çay” fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi vardır. 2012-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” və “Azərbaycan-1” sortlundan ibarət çay plantasiyaları salınıb. Hazırda 70 hektara yaxın sahədə çay plantasiyası mövcuddur. Təsərrrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımına başlanıb. O, plantasiyalara qulluq zamanı kimyəvi vasitələdən istifadə edilmədiyini, mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində 16 adda çay məhsulu emal edildiyini diqqətə çatdırıb. Elşad Yaqubov söhbət zamanı dövlət tərəfindən aqrar sahədə çalışanlara davamlı qayğının olduğunu, ötən il cənab Prezident İlham Əliyevin şəxsən təsərrüfata baş çəkdiyini, çaybecərənlərin qayğıları ilə maraqlandığını söyləyib.

Söhbət zamanı səfir Sancay Rananın sullarına cavablandıran Elşad Yaqubov ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırıb ki, dövlətimiz torpaq sahiblərini torpaq vergisindən savayı, bütün vergilərdən azad edib. Həmçinin hər əkilən hektara görə fermerlərə subsidiyalar verilir, alınan mineral gübrələrə, yanacağa 70 faiz güzəşt tətbiq edilir. “İnvestisiya təşviqi sənədi”nin verilməsi ilə sahibkar bütün vergilərdən azad edilir. Bu il fevralın 12-də isə çayçılığın inkişafına böyük təkan verəcək “Çayçılıq haqqında Dövlət Proqramı”nın qəbul edilib.

Səfir Sancay Rana xoş qarşılandığına görə minnətdarlığını ifadə edib. Qeyd edib ki, burada istehsal edilən ekoloji təbii məhsul onun da marağına səbəb olub və təsərrüfat rəhbərini təcrübə mübadiləsi məqsədilə Hindistana dəvət edib.

Axırda qonaqlara “Yaşıl çay” FT MMC-nin istehsalı olan çay məhsulları və “Yaşıl çay” jurnalı təqdim olunub.

Səfir də öz növbəsində Elşad Yaqubova Hindistanın ayrı-ayrı bölgələrində yetişdirilən çay məhsulundan hədiyyələr verib.

Səfirlə plantasiya önündə xatirə şəkili çəkdirilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə