Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir FOTO

Nəsimi rayonunda tibbi müayinə uğurla davam etdirilir FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradır. Respublika əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlarına əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verən səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafikləri tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə bütün vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götürülməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunub.

20 saylı şəhər poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.

Həmçinin Nəsimi rayonunda yerləşən özəl səhiyyə müəssisələrində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq əhalinin tibbi müayinədən keçirilməsi işləri aparılır. Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış tədbirlər planına uyğun olaraq 15 fevral 2018-ci il tarixdə Nəsimi rayonunda yerləşən Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi təşkil edilib. Tibb müəssisələrində sakinlər əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixtisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirilirlər.

Nəsimi rayon İcra hakimiyyətinin təşəbbüsü ilə səhiyyə müəssisələri arasında müvafiq işlər nəticəsində müayinə nəticələrində əməliyyata ehtiyacı olan rayon sakinlərinin əməliyyat olunması da nəzərdə tutulub. Ötən il tibbi müayinə zamanı 40 nəfərdən artıq rayon sakini Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aidiyyatı səhiyyə müəssisələrində əməliyyat olunmuşlar. Belə ki, lazım gəldikdə müayinədən keçmiş rayon əhalisinin özəl tibb müəssisələrində təkrar müayinə müalicəsi aparılır. Gələcəkdə də tibbi müayinə müddətində sakinlərin özəl tibb müəssisələrində müalicələri davam etdiriləcək.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının icra edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də təşkil edilib keçirilir. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən 100 yaşdan yuxarı 5 nəfər sakinə, habelə fəaliyyət qabiliyyəti məhdud olan 100 nəfərdən artıq yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstəriblər. Rayonun ən qocaman sakini Süleyman Əliyev də doğum günündə ziyarət olunaraq, ad günü münasibətilə təbrik edilmiş və həkimlər tərəfindən tibbi müayinə edilib. Müayinədən keçən Süleyman Əliyev onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Nəsimi rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə