Prezident Arzu Rəhimovu təltif etdi SƏRƏNCAM

Prezident Arzu Rəhimovu təltif etdi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Yusif oğlu Rəhimov 1 oktyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirmişdir.

1986-1989-cu illlərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.

1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlmişdir.

2004-2006-cı illərdə Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür.

2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2010-cu il tarixli 813 saylı sərəncamına əsasən II dərəcəli "Dövlət miqrasiya xidməti müşaviri" ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan və Rus dillərini mükəmməl bilir. Xidmət etdiyi dövrdə 10-dan artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2012-ci il tarixli sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.

Ailəlidir, iki övladı var.

Övladlarından biri - Murad Rəhimov 1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında 505 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsində 2011-2015-ci illərdə təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə