“Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir”. Bu fikirləri SİA-ya YAP Suraxasnı rayon təşkilatının fəal gənci Aydın Əhmədov İlham Əliyevin aprelin 11-də keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürülməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, bu seçim eyni zamanda Azərbaycan gəncliyinin seçimidir: “Əbəs deyil ki, gənclərimiz Onun siyasətinə daim dəstək göstərirlər. Ümumiyyətlə, ölkəmizdə gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır”.
Aydın Əhmədovun sözlərinə görə, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir: “Bu baxımdan, bizlər daim bu kimi taleyüklü məsələlərin həllindən uğurla gəlirik. Ümumiyyətlə, Prezident İlham Əliyevin son 15 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri, sərəncamları qeyd etmək yerinə düşər. Həmin faktlar dövlətin bu sahəyə olan qayğısının birbaşa Prezidentin nəzarətindən kənarda olmağını göstərir və Prezidentin də bu işdə nə dərəcədə maraqlı olduğunu sübut edir. Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada elə təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar”.
“Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir”-deyə vurğulayan YAP fəalı bildirib ki, gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndər Heydər Əliyevin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir: “İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Azərbaycanın ictimai-siyasi həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmçinin, gənclərlə bağlı dövlət proqramlarının tam mənada həlli müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirəcək. Dövlət gənclər siyasətinin əsl mahiyyəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemləşdirməkdir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Biz gənclər məhz bu siyasət ətrafında daha da sıx biləşərək, öz seçimimiz etmişik. Bizim seçimimiz cənab İlham Əliyevdir”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB