Cenevrədə Azərbaycanın dinlərarası dialoqun inkişafına verdiyi töhfədən danışılıb

Cenevrədə Azərbaycanın dinlərarası dialoqun inkişafına verdiyi töhfədən danışılıb

Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində BMT-nin Cenevrə bölməsində 3-cü İllik Dinlərarası Dialoq təşkil olunub. Tədbir çərçivəsində “Dinlərarası harmoniya sayəsində sülhün təşviq olunması” mövzusunda panel iclası keçirilib.

Azərbaycanın BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, builki dialoq həftəsi dinlərarası ahəngdarlıq sayəsində sülhün bərqərar olması ideyasına həsr olunub. Paneldə çıxış edənlər sülhün möhkəmləndirilməsində dinlərarası ahəngdarlıq və dialoqun rolundan bəhs ediblər.

Paneldə ölkəmizin BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov Azərbaycanda dinlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə çıxış edib. O, öz çıxışında qeyd edib ki, Avropa və Asiyanın, fərqli sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanda ölkənin unikal coğrafi mövqeyi sayəsində zəngin multikulturalizm və dinlərarası harmoniya ənənələri mövcuddur. Səfir deyib: “Tam bir əsr bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublikanın qurulduğu Azərbaycanda çoxmillətli və çoxdinli cəmiyyət mövcud idi. Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir. Azərbaycanın tarixi keçmişi, mədəniyyəti və yürütdüyü daxili və xarici siyasəti ölkəni dini tolerantlığın hökm sürdüyü model bir məkana çevirib”.

Qeyd edilib ki, Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər tədbirlər dünyada mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına mühüm töhfə verir. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlmanlardan təşkil olunmasına baxmayaraq, ölkədə milli və dini azlıqlara dövlət qayğısı mövcuddur və onların öz məbədlərində ibadəti üçün bütün şərait yaradılıb. Heydər Əliyev Fondu nəinki ölkə daxilində, həmçinin dünyanın bir sıra ölkələrində dini məbədlərin bərpa olunmasında yaxından iştirak edir. O, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən layihələr barədə də danışıb.

Səfir bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların qarşılıqlı rəğbətlə və dinc şəkildə yaşadığı Azərbaycanın Şərqlə Qərb arasında yerləşməsi ölkəyə multikultural agendanı öz xarici siyasətinin strateji istiqamətlərindən birinə çevirməsini mümkün edib. Bu siyasət onilliklərdən bəri Azərbaycanın dini və siyasi ekstremizm, radikalizm və təcridedilmə kimi zərərli təzahürlərdən özünü uğurla müdafiə etməsinə imkan verib. Radikalizmin sürətlə yayıldığı müasir dövrümüzdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfə və uğur hekayəsi bir çox dünya dövlətləri üçün model kimi qəbul oluna bilər. Çünki Azərbaycan əmindir ki, müasir qlobal dünyamızda cəmiyyətlərin inkişafı üçün ən uğurlu yol multikulturalizmin təşviq olunmasından ibarətdir.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının 2010-cu ildə qəbul etdiyi qərara əsasən, hər il fevral ayının ilk həftəsi Dünya Dinlərarası Harmoniya Həftəsi kimi qeyd olunur. Həftənin əsas mahiyyəti iştirakçı dövlətlərin dinlərarası harmoniya mesajlarını könüllülük prinsipi əsasında yaymasına imkan yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə