Qoşqar Təhməzli: "Qida Təhlükəsizliyi Agentiyi nəzarəti həyata keçirəcək"

Qoşqar Təhməzli: "Qida Təhlükəsizliyi Agentiyi nəzarəti həyata keçirəcək"

“Azərbaycanda Qida Təhlükəsizliyi Agentiyinin yaranması o demək deyil ki, indiyədək ölkəmizdə bu sahəyə nəzarət edilmirdi. Sadəcə bu günə qədər bu nəzarət icra orqanları tərəfindən həyata keçirilirdi”. SİA-nın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, agentliyin yaradılmasının səbəbi Ölkə başçısının həyata keçirdiyi islahatların növbəti mərhələsidir: “Belə bir qurumun yaradılması bu sahədə islahata ehtiyacın olduğunu ortaya qoydu”.

Qurum sədri söyləyib ki, agentliyin əsas vəzifələrindən biri qida təhlükəsizliyi serifikatının verilməsidir ki, bu da idxalçı dövlətin tələbinə uyğun sertifikatlaşdırma əsasında həyata keçiriləcək: “Bura MDB, İslam dövlətləri, Aİ-yə daxil ölkələr və digələri ola bilər. Qarşımıza qoyulan əsas məqsəd idxalçı dövlətin tələbatına uyğun sertifikat təqdim etməkdir. Beynəlxalq qurumlar da Azərbaycanın bu qurumunu tanımalı və əməkdaşlığı onunla davam etdirilməlidir”.

Q. Təhməzli əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətinin əsasını bu sahəyə nəzarət etmək təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə