Tanınmış iş adamı, xeyriyyəçi Füzuli Məmmədov doğulduğu qədim Naxçıvan torpağının dilbər güşəsi olan Ordubad rayonunun vətənpərvər, mərd övladlarındandır. Gənclik illərindən Rusiyada yaşamasına baxmayaraq qəlbi daim Azərbaycan üçün döyünüb. Onun həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik addımlarını çoxları yaxşı bilir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı gözəl diyarımız Ordubadda hamı Füzuli Məmmədovu açıq ürəkli, xeyirxah insan kimi tanıyır. Hələ 25 il bundan öncə iş adamının ata yurduna gəlişi əsl toy-bayrama çevrilərdi. Onun gəlişi ilə xəstələrin müalicə problemləri həll olunar, ərzaq mağazalarına borclu olanların borcu silinər, imkansız ailələrə yardımlar göstərilərdi. Onun köməyə ehtiyacı olan yüzlərlə insana əl tutduğu heç kimə sirr deyil. Xeyriyyəçiliyi həyat amalına çevirən həmyerlimizin əsl vətənpərvər olması uzun illərdir hər kəsə bəllidir.
Son illərdə torpaqlarımızın müdafiəsi zamanı azğın düşmən tərəfindən şəhid olan igid əsgərlərimizin ailə üzvlərinə göstərdiyi böyük diqqət isə göz qabağındadır. Bu addımları böyük ürəklə davam etdirən Füzuli müəllimin şəhid övladlarına göstərdiyi qayğı sözün əsl mənasında insanlıq, mərdlik göstəricisidir. Qazi və şəhid ailələri ilə görüşlərdə onların bütün problemləri ilə maraqlanması onun geniş ürəyə malik olmasından xəbər verir. Belə addımlar əlbəttə ki, çoxlarına da örnək olmalıdır... Çünki, Vətəni sözdə yox, əməldə sevərlər! Onun tez-tez təkrar etdiyi bir cümlədə olduğu kimi: “Soruşma Vətən sənin üçün nə edib, soruş ki, sən Vətən üçün nə etmisən?”.
Füzuli Məmmədov ən çətin işlərin öhdəsindən gələrək, amalı, zəhməti ilə yüksəlib. Rusiya kimi böyük bir ölkədə nüfuz qazanıb. Heç şübhəsiz, yoluna çıxan bütün maneləri dəf edərkən böyük təcrübə qazanıb. Bu təcrübə ona insanları tanımasında, ətrafındakı müxtəlif niyyətli adamlarla münasibətdə əsl mayak olub.
Hadisələrə özünəməxsus təmkinlə yanaşması Füzuli Məmmədovun ən gözəl xüsusiyyətlərindən biridir. Onun digər diqqət çəkən cəhətləri isə maraqlı həmsöhbət və gözəl zövq sahibi olmasıdır. Təbiətə olan sevgisinin təməlində isə səfalı Naxçıvan torpağının təsiri var...
Onu da deyim ki, işlərinin hədsiz çox olmasına baxmayaraq dostlarına, doğmalarına vaxt ayırmağı, onları diqqətində saxlamağı bacarır.
Füzuli müəllimin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu uzun illərdir maraqlı layihələrə imza atmışdır. Fondun dəstəyi ilə əlaçı tələbələr xüsusi mükafatlar almış, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərilmişdir. Bu, ölkəmizin tanınmış ziyalıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti seçilməsi isə onun vətənpərvər addımlarının, uğurlu diaspor fəaliyyətinin ən parlaq nümunəsidir.
Füzuli Məmmədov barədə çox danışmaq, yazmaq olar. Lakin təvazökar olduğunu bildiyim üçün bu qədərlə kifayətlənmək istərdim. Əminəm ki, onun atdığı örnək addımlardan, maraqlı həyatından hələ yazılacaq. Füzuli müəllimin qayğıkeş ata olması isə ayrı-ayrılıqda geniş bir mövzudur.
Ömrünün orta, bəlkə də ən gözəl çağlarını yaşayan dəyərli həmyerlimizə atdığı xeyirxah addımlarda daim uğurlar və möhkəm can sağlığı arzulayırıq! Füzuli Məmmədova 55 yaşında bir bu qədər də gözəl ömür və ürəklərdəki yerində qalmağı diləyirik! Qoy onlarla şəhid övladının sevgisi, anaların duası Füzuli Məmmədovu amanında saxlasın! Doğum gününüz mübarək, əziz Füzuli müəllim!
Dəyərli həmyerlimiz Füzuli Məmmədovu təbrik edirik!
Jalə Rzabəyli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB