Muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz buna görə bu idman növünə maraq artıb, ötən il muxtar respublikanın Atıcılıq Federasiyasına üzv olanların sayı artaraq 470 nəfərə çatıb. Bu faktlar Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilib.
İclasda federasiyanın sədri Asəf Məmmədov çıxış edərək bildirib ki, 2017-ci ildə muxtar respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər davam etdirilib, əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın rolu diqqətdə saxlanılıb. Hər ay atıcılığın müxtəlif növləri üzrə ən azı bir yarışın keçirilməsi idmançılarda peşəkarlıq səviyyəsinin yüksəlməsinə, bu idman növü üzrə kütləviliyə nail olunmasına və gənc nəsildə hərbi-vətənpərvərlik ruhunun artmasına müsbət təsir göstərib. İl ərzində stend, tir atıcılığı və peyntbol üzrə hər növdə üç yarış olmaqla, doqquz birincilik keçirilib. Stend yarışlarında 63, tir atıcılığı yarışlarında 100, peyntbol üzrə birinciliklərdə 107 idmançı mübarizə aparıb. Bu növlər üzrə idman yarışlarının və iştirakçıların sayı ötən illərlə müqayisədə artıb.
“Federasiya tərəfindən atıcılıq idman növü üzrə keçirilən yarışlarla bağlı beynəlxalq təcrübənin öyrənilməsinə, bu idman növünə marağı olan idmançıların peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilib” – deyən Asəf Məmmədov diqqətə çatdırıb ki, “Naxçıvan” komandasının tərkibinin müəyyənləşdirilməsi məqsədilə perspektivli idmançıların təlim-məşq toplanışlarına cəlb olunması təmin edilib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, ötən il nazirlik tərəfindən atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılmasına nail olmaq məqsədilə Atıcılıq Federasiyası ilə birgə bir sıra tədbirlər həyata keçirilib. Sözügedən idman növünün muxtar respublikada təbliği, rayonlarda da atıcılıq üzrə idman klublarının yaradılması, tir meydançalarının formalaşdırılması istiqamətində işlər diqqətdə saxlanılıb, mütəmadi olaraq idman yarışları təşkil edilib.
Qeyd olunub ki, bu yarışlar sırasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda keçirilən yarış atıcılıq idman növünün muxtar respublikada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, qızların bu idman növünə cəlbi istiqamətində də işlər görülüb, Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində açıq birincilik keçirilib. Bununla yanaşı, nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb, bu məqsədlə ilboyu müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil edilib. Həmçinin idmançı və məşqçi heyətinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunub.
Tədbirə yekun vuran federasiyanın sədri Asəf Məmmədov bildirib ki, bu il federasiya qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini daha da gücləndirəcək, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində səyləri artıracaq, 2018-ci ilin təqvim və tədbirlər planından irəli gələn məsələlərin həlli, müxtəlif idman yarışlarının təşkili yüksək səviyyədə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB