“Azərbaycan Prokurorluğu” jurnalının dördüncü nömrəsi çapdan çıxıb
Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2017-ci il üzrə dördüncü nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsi cari ilin oktyabr-dekabr aylarını əhatə edir.
AZƏRTAC xəbər verir ki, jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq” sözləri ilə başlayır.
Nəşrin “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təbriklər”, “Təhlillər, təkliflər”, “İctimaiyyətə hesabat”, “Beynəlxalq əlaqələr” və “Hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.
Jurnalın “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi, həmçinin dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki ilə bağlı xəbərlər yer alıb.
Baş Prokurorluqda, Hərbi Prokurorluqda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimləri, Baş Prokurorluqda və Hərbi Prokurorluqda Azərbaycan Prokurorluğu orqanlarının yaradılmasının 99-cu ildönümünün qeyd olunması ilə bağlı xəbərlər, habelə baş prokuror Zakir Qaralovun “Hüquq sisteminin inkişafında prokurorluğun rolu əhəmiyyətlidir” mövzusunda məqaləsi jurnalın “Rəsmi tədbirlər” bölməsində yer alıb. Bundan başqa, Zakir Qaralovun görüşləri, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzindədir” sərlövhəli yazı bu bölmədə təqdim olunur.
“Təbriklər” bölməsində 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə baş prokuror Zakir Qaralovun ünvanına daxil olan təbrik məktubları oxucuların diqqətinə çatdırılır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun “Prokurorluq orqanlarında peşə biliyinin qiymətləndirilməsi perspektivləri barədə” sərlövhəli məqaləsi “Təhlillər, təkliflər” bölməsində yer alıb.
“İctimaiyyətə hesabat” bölməsində isə “Bakıda kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfrans keçirilib”, “Bakıda korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi məsələlərinə dair beynəlxalq tədbir keçirilib”, “Bakıda hüquqi şəxslərin cinayət məsuliyyəti mövzusunda simpozium keçirilib” və digər sərlövhəli tədbirlər barədə məlumatlar verilib.
Ümumilikdə nəşrdə Baş Prokurorluğun 2017-ci ilin oktyabr-dekabr ayları ərzində fəaliyyəti dolğun işıqlandırılıb, keçirilən seminarlar, konfranslar, Baş Prokurorluğun nümayəndə heyətlərinin səfərləri, eləcə də qurumun uğurlu beynəlxalq əlaqələri, hüquqi aktlar və digər mövzularda maraqlı məqalələr toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB