Naxçıvanda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Naxçıvanda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

Bu gün Naxçıvan Muxtar Respublikasında gəncliyə göstərilən diqqət və qayğı nəticəsində geniş dünyagörüşünə malik, hərtərəfli biliyə, xalqımızın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, Vətənini sevən sağlam nəsil yetişməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilib, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb”, – deyən Azad Cabbarov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi muxtar respublikada gənclər və idman siyasətini həyata keçirən dövlət orqanı kimi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə ötən il 140 tədbir keçirib. Həmin tədbirlərdə 15 min 248 nəfər gənc iştirak edib.

Muxtar respublika Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, muxtar respublikada gənclərin sosial-iqtisadi, ictimai-mədəni həyatda fəal iştirakı, asudə vaxtınlarının səmərəli təşkili, onların intellektual potensialının inkişafı üçün reallaşdırılan layihələr Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsini şərtləndirən əsas amillərdən olub.

Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı olması bu sahədə görülən işlərin, həyata keçirilən layihələrin yeni müstəvidə davam etdirilməsinə təkan verəcəyini deyən Məmməd Babayev qeyd edib ki, Naxçıvan şəhərinin həm İslam Mədəniyyətinin Paytaxtı, həm də Gənclər Paytaxtı statusu daşıması muxtar respublikada bu istiqamətdə aparılan məqsədyönlü işlərin təzahürü kimi diqqəti cəlb edir.

Muxtar respublika Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov çıxış edərək deyib ki, bu gün Naxçıvanda gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə onların irəli çəkilməsi və xidmətlərinin yüksək qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Çıxış edənlər gənclər üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə