Meydan TV Rəsul Quliyevlə Hüseyn Abdullayevi bir-birinə vurdu TƏRS BAXIŞ

Meydan TV Rəsul Quliyevlə Hüseyn Abdullayevi bir-birinə vurdu TƏRS BAXIŞ

İki satqın böyük savaşa başladı

2018-ci il prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət düşərgəsində siyasi divident qazanmaq uğrunda savaşlara da start verilib. Misal üçün, AXCP sədri Əli Kərimli ilə Müsavatın sabiq başqanı İsa Qəmbər və başqa sədrlərlə yaşanan qarşıdurmalar buna sübutdur. İndi isə növbəti savaş baş qaldırıb.

Xarici ölkələrdə mühacir həyatı yaşayan iki dövlət xaini – eks-spiker Rəsul Quliyevlə sabiq deputat Hüseyn Abdullayev arasında böyük savaşa start verilib. Belə ki, Meydan TV adlı internet televiziyasına müsahibə verən R.Quliyevin fikirləri qarşı tərəfin qıcıqlanmasına və onun sərt cavabına səbəb olub. Daha dəqiq desək, R.Quliyev AVP sədri, millət vəkili Fəzail Ağamalının H.Abdullayevlə bağlı açıqlamasını təkrarlayıb və bildirib ki, sabiq deputat prezident seçkilərinə qatıla bilməz. “Bu günlərdə isə Emin Hüseynovun qonağı olan Rəsul Quliyev eyni ifadəni işlədərək, haqqımda xoşa gəlməz və sərsəm sözlər işlətmiştir”-deyə qeyd edən H.Abdullayev bildirib ki, özünün gülünc danışıq tərzi ilə boş boğazlıq edən Rəsul Quliyevə bəzi sözləri var. SİTAT: “Birincisi, sən kimsən ki, mənim hansı potensialımın olub, olmadığını müəyyən edirsən? İkincisi mənim sənə qoyduğum hörmətin səbəbi, hazırda təmsil olduğun partiyanın təsiscisi və mənə yaxın olan Ağasif İbrahimovla bağlı idi. Yoxsa sən mənim üçün tamamən maraqsız və heç bir əhəmiyyət daşımayan, eyni zamanda tarixin zibilliyinə atılmış siyasi bir boşluqsan”.

H.Abdullayev ittihamlarını daha da artıraraq, sabiq spikerin zavod direktoru vəzifəsindən o tərəfə layiq olmadığını bildirib və qeyd edib ki, R.Quliyev özündən razı birisidir və belə insanlardan tamamilə zəhləsi gedir: “Mənim ümumiyyətlə özündən razı olanlardan zəhləm gedir. Heç özünə hörmət edən adam deyərmi ki, mən kifayət qədər ağıllı adamam? İnsan var ki yaşlaşanda üzünə nur, kəlamlarına müdrüklük dolar. Görünür səndə əks proses gedib”.

Sosial şəbəkədəki müraciətində fikirlərini qeyd edən Abdullayev yazır: “Dostlar, deməli həmin bu tip Emin Hüseynovla apardığı saat yarımlıq verlişdə adı çəkilən hər kəsə qarşı mənfi fikir bildirdi”.

O, R.Quliyevi özünə düşmən hesab etdiyini etməklə yanaşı bildirib ki, istədiyi qədər danışa bilər, ancaq onun bu fikirlərə heç bir əhəmiyyəti olmayacaq: “Bundan sonra istədiyin qədər çərənləyə bilərsən. Mənim daha sənə ayıracaq nə vaxtım, nə də istəyim var”.

Onu da qeyd edək ki, bu iki şəxs bir vaxtlar ABŞ-da görüş keçirərək, guya bir-birlərini dəstəkləyəcəklərinə vəd vermişdilər. Lakin sonradan baş verən qalmaqallardan sonra bu iki dövlət xəyanətkarı arasında sular bulandı və göründüyü kimi, 2018-ci il seçkiləri onları daha qatı düşmənə çevirdi. Bütövlükdə isə müxalifətdə bu cür tendensiyaların yaranacağı ehtimalı günü-gündən artır və qarşıdurmaların daha sürəkli hal alacağını ehtimal etmək mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə