Böyük yolun uğurlu davamı… - ARAŞDIRMA (LAYİHƏ)

Böyük yolun uğurlu davamı… - ARAŞDIRMA (LAYİHƏ)

Sevindirici haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş genişmiqyaslı tədbirlər sırasında söz və məlumat azadlığının ən geniş hədlərinin müəyyənləşdirilməsi üçün atılan addımları da xüsusi qeyd etmək lazımdır. Belə ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Təbii ki, bu tədbirləri həyata keçirərkən o qədər ciddi və ölçülmüş addımlar atılmalıdır ki, mətbuatın müstəqilliyinə xələl gəlməsin və mətbuat orqanları üçün həqiqi müstəqil maliyyələşmə, idarəçilik mühiti yaradılmasına nail olunsun. Məhz bunu nəzərə alaraq, Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzaladı. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu ilin aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Dövlət başçısının Fərmanına əsasən, hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsait nəzərdə tutulur. Fondun yaradılmasının başlıca üstünlükləri ondan ibarətdir ki, yuxarıda da qeyd etdiyimiz kimi, mətbuat dövlətin dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır və bu yolla da həqiqi mənada maliyyə müstəqilliyini təmin edir. Eyni zamanda, Fondun fəaliyyəti mətbuat orqanlarını müxtəlif siyasi dairələrin asılılığından azad edərək, mətbuatın ifrat siyasiləşməsinin qarşısını alır.

Prezident İlham Əliyevin mətbuata yüksək dəyər verməsi cəmiyyətin də bu sahəyə marağını artırır

Təbii ki, görülən tədbirlər təkcə bununla məhdudlaşmır. Məlum olduğu kimi, məhz cənab Prezidentin diqqəti sayəsində bu il milli mətbuatımızın 135 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. İyun ayının 10-da Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd olunması haqqında imzalanmış Sərəncama uyğun olaraq, həm Bakıda, həm də Respublikamızın bölgələrində yüksək səviyyəli tədbirlər keçirilmiş, media ilə ictimaiyyət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətli addımlar atılmışdır. Bir neçə gün öncə isə milli mətbutımızın inkişafındakı xidmətlərinə görə 92 nəfər həmkarımız müxtəlif dərəcəli dövlət mükafatları ilə təltif olunmuşdur. Bununla bərabər, mətbuat orqanlarının maddi – texniki təminatının yaxşılaşdırılması məqsədilə 40 KİV-ə birdəfəlik yardım ayrılması dövlət başçısının bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün mənzillərin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılması da dövlətin media sahəsində çalışanlara münasibətini ifadə edir. Dövlət başçısının bu münasibəti isə həm də özlüyündə digər ictimai instiutların, cəmiyyətin media sahəsinə baxışını formalaşdırır. Prezident İlham Əliyevin milli mətbuatımız haqqında yüksək fikirləri, Onun mətbuatın inkişafı istiqamətində atdığı addımlar bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə hörməti, diqqəti göstərir. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi gənclərin yenidən bu maraqlı, maraqlı olduğu qədər də çətin peşəyə həvəs göstərməsinə yol açır.

Jurnalist əməyinin yüksək qiymətləndirilməsi gəncləri bu sahədə daha əzmlə çalışmağa sövq edir

Bu bir həqiqətdir ki, dövlətimizin maliyyə imkanları artdıqca, iqtisadi qüdrəti gücləndikcə mətbuata verilən maddi və mənəvi dəstək də xeyli genişlənir. Təcrübə də bunu sübut edir ki, ilk öncə mətbu orqanlar vergilərdən azad olunurdusa, sonradan onlara dövlət tərəfindən birdəfəlik yardımlar verilməyə başlanmışdır. Daha sonra isə birdəfəlik yardımlar ildən-ilə artırıldı. Prezidentimizin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncamı isə bu baxımdan əhəmiyyəti ilə diqqəti xüsusilə cəlb edir. Məlumdur ki, mətbuat işçilərinin sosial vəziyyəti, mənzil problemlərinin həlli ilə bağlı uzun müddət idi ki, müzakirələr gedirdi. Hətta məsələ ilə bağlı "Jurnalist" Mənzil-Tikinti Kooperativi yaradılmış və bugunə qədər fəaliyyət göstərməkdədir. Azərbaycan Prezidenti bu Sərəncamla sübut etmişdir ki, dövlətimiz hər bir vətəndaşın, o cümlədən jurnalistlərin problemlərinə laqeyd deyil və onlara qayğı göstərməyi başlıca vəzifələrdən hesab edir. Dövlətin iqtisadi qüdrəti artdıqca bütün problemlər də öz həllini tapır. Eyni zamanda, dövlətin qayğısı nəticəsində evsizlikdən xilas olmuş jurnalistlərin fəaliyyətində də ciddi dönüş yaranacağı labüddür. Bununla da, mətbuat daha da saflaşacaq və öz fəaliyyətində daha da peşəkarlaşacaqdır.

Yuxarıda da qeyd olunduğu kimi, Prezidentin milli mətubatın inkişafı istiqamətində atdığı addımlar həm də digər ictimai istitutlar üçün də bir çağırış rolunu oynayır. Mətbuata ictimai marağın artması isə qəzetlərin həm də maddi təminatının daha da yaxşılaşmasına şərait yaradacaq. Bu istiqamətdə qəzetlərin əsas gəlir mənbəyi olan reklam bazarının inkişaf edəcəyi də proqnozlaşdırılandır. Baxmayaraq ki, bu məsələ hələ də mətbuat orqanları qarşısında ciddi problemdir və hətta dövlət başçısı səviyyəsində bu problemə münasibət bildirilmişdir. Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılış mərasimində bu məsələyə toxunaraq demişdir ki, bu problemin aradan qaldırılması üçün müəyyən addımlar atılacaqdır: "Əfsuslar olsun ki, Azərbaycanda reklam bazarı hələ ki, o qədər də böyük deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə, göstərir ki, burada bölgü ədalətsiz aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz haldır. Mən çalışacağam ki, bu məsələ ilə bağlı müəyyən addımlar atılsın. Dövlət tərəfindən müəyyən tövsiyələr veriləcəkdir.

Ancaq bununla bərabər o da həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə malik olan ölkələrdə və media tarixi böyük olan ölkələrdə də kütləvi informasiya vasitələrinin xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ ilə məşğul olacağam".

Regional mətbuatının inkişafında yeni mərhələ…

Dövlətin mətbuata göstərdiyi qayğı və diqqətin əsas istiqamətlərindən birini də jurnalist əməyinin yüksək səviyyədə qiymətləndirilməsi və böyük potensiala malik gənclərin bu sahəyə cəlb edilərək yeni peşəkar kadrların formalaşdırılması təşkil edir. Sözsüz ki, mətbuat işçilərinin əməyinə verilən yüksək qiymət onları öz işlərində daha nümunəvi olmağa sövq edir. Onu da qeyd etmək lazımdır ki, ölkədə mətbuatın müstəqil fəaliyyəti və sərbəst inkişafı üçün yaradılan geniş şərait yeni-yeni kadrları bu sahəyə cəlb edir. Dövlətin ali məktəblərdə jurnalist hazırlığı, ixtisas artırma məsələlərinə, peşəkar jurnalistlərin yetişdirilməsi istiqamətində mütəmadi qaydada gördüyü işlər mətbuat sahəsinə yeni peşakar kadrların gəlişi prosesini sürətləndirir. Həmçinin, onu da vurğulamalıyıq ki, mediaya artan ictimai maraq, mətbuata peşəkarların üz tutması, KİV-də gedən saflaşma özlüyündə inkişafı da təmin edir. Bu inkişafı biz mətbuatın intellektual bazası rolunu oynayan region KİV-lərində də görmək olar. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan mətbuatı regionlarda da inkişaf edir. Bölgələrdə çap olunan yerli mətbu orqanlarla yanaşı, radioların və televiziya kanallarının sayı da artmaqdadır. Eyni zamanda, paytaxtımızda fəaliyyət göstərən qəzet, televiziya və informasiya agentliklərinin regionlarda nümayəndəliklərinin açılması tendensiyası da medianın hərtərəfli inkişafından xəbər verir. Bununla belə, regional mətbuatın bir sıra problemləri də mövcuddur. Əsasən maddi-texniki bazanın zəifliyi ilə bağlı olan problemlərin tam aradan qaldırılması məsələsi hökumətin planlarına daxildir.

Beləliklə, Azərbaycan mətbuatına göstərilən dövlət qayğısı və şəxsən Prezident İlham Əliyev cənablarının yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərdən xilas olur və demək olar ki, Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə