Prezident təqaüdçüsü, “Qlobal səfir” Təbriz Cəfərovun beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlər gəncliyimizin yüksək potensialını əks etdirir
Son illər Azərbaycanda gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Səsi dünyanın müxtəlif ölkələrindən, nüfuzlu universitetlərindən gələn gənclərimiz öz istedadları, bacarıqları ilə ölkəmizi layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində fəallıq nümayiş etdirirlər. Bir sözlə, xaricdə təhsil almaq Azərbaycanın təkcə bugünü üçün deyil, gələcəyinə qoyulmuş ən yaxşı sərmayədir.
Türkiyənin nüfuzlu universitetində aparılan elmi araşdırmalar
Belə gənclərimizdən biri də Türkiyənin Ankara Universitetinin 23 yaşlı doktorantı Təbriz Cəfərovdur. 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olan Təbriz 2011-ci ildə test imtahanlarından yüksək bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görülüb. Ali təhsilini isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında almaq qərarına gəlib. 2014-cü ildə Təbriz “Prezident təqaüdçüləri” İctimai Birliyini təsis edib. Həmin il Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Gənc Liderlərin 5-ci Assambleyasında ölkəmizi təmsil edib. UNESCAP, UNESCO, Qlobal Sülh Fondu və Qlobal Gənc Liderlər Akademiyasının birgə partnyorluğu ilə keçirilən toplantıda əsas müzakirə panellərindən biri “Sülh üçün mədəniyyət” olub və həmin paneldə Təbriz Cəfərov “Dağlıq Qarabağ” məruzəsi ilə çıxış edərək ümumi sayı 250 nəfərdən çox olan və 40-dan çox ölkəni təmsil edən iştirakçılara münaqişənin mahiyyətini, Azərbaycanın haqlı mövqeyini özündə ifadə edən məlumatlar verib. O, Qlobal Sülh Fondu, UNESCAP və Qlobal Gənc Liderlər Akademiyasının birgə təsdiqi ilə “Qlobal səfir” statusuna layiq görülüb.
2015-ci ildə akademiyanın Siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsilini başa vuraraq ali təhsilin magistratura pilləsini Türkiyə Cümhuriyyətində davam etdirmək qərarına gəlib və Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığı tərəfindən elan edilən təqaüd proqramı əsasında qardaş ölkənin Səlcuq Universitetində publik hüququ üzrə magistratura təhsilini davam etdirməyə başlayıb. Bu müddət ərzində Təbriz Azərbaycan diasporu ilə fəal əməkdaşlıq edərək toplantılara, forumlara qatılıb və beynəlxalq konfranslarda öz məruzələrini təqdim edib. Gənc hüquqşünas Avropa Birliyinin “Erasmus+” mübadilə proqramı çərçivəsində Portuqaliyanın Coimbra Universitetində publik hüququ üzrə elmi araşdırmalarını da davam etdirib.
Ötən ilin fevral ayında yenidən Türkiyəyə dönən Təbriz üzərində çalışdığı elmi işi - “Türkiyə və Azərbaycan Açısından Publik Hüquqi Şəxslər Anlayışının İncələnməsi” adlı magistr dissertasiyasını yekunlaşdıraraq hüquq üzrə magistr elmi dərəcəsinə yiyələnib. Bundan sonra Təbriz təhsilin doktorantura pilləsini də oxumaq üçün yenidən Türkiyə Baş nazirinin yanında Xarici Ölkələrdə Yaşayan Türklər və Dost Xalqlar Başqanlığına müraciət edib. Gənc hüquqşünasın bu müraciəti də müsbət qiymətləndirilib. Türkiyə dövləti bütün xərcləri öz üzərinə götürməklə “Hüquq üzrə fəlsəfə doktoru” proqramı üzrə onun doktorantura təhsilini Ankara Universitetində almağına dair qərar verib. Ötən il sentyabrın 21-dən Təbriz Türkiyənin ən köklü universitetində elmi araşdırmalarını davam etdirməyə başlayıb.
Gənclər Parlamenti layihəsi gerçəkləşmək üzrədir
Sosial şəbəkənin imkanlarından yararlanmaqla hazırda qardaş ölkədə olan Təbriz Cəfərovla söhbətləşib həm təhsili, həm də ictimai fəaliyyəti ilə maraqlandıq.
Ankara Universitetinin hüquq elmləri üzrə doktorantı dedi ki, Azərbaycan dövləti hər zaman gənclərə həssas münasibət göstərib. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində hazırda Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların həyata keçirilməsində yaxından iştirak edir.
Təbriz hesab edir ki, xaricdə təhsil alan və təhsilini başa vuraraq müxtəlif sahələrdə çalışan gənclər müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq ölkəsinin təbliğatını da aparmalıdırlar. Keçirdiyi görüşlərdə, iştirak etdiyi toplantılarda Azərbaycan həqiqətləri barədə geniş məlumat verən gənc doktorant həm də yeni təşəbbüslərlə çıxış edir. Təbriz Azərbaycan-Türkiyə hüquqşünasları arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Türkiyədə təhsil alan Azərbaycan gənclərinin vahid şəbəkəsinin yaradılması və Türk Şurasında (bu qurum türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılıb) Gənclər Parlamentinin formalaşdırılması təkliflərini irəli sürüb.
Hazırda Təbriz Gənclər Parlamenti layihəsi üzərində işləyir: “Artıq bu təşəbbüsün reallaşması ilə bağlı ilk addımı atmışam. Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu ilə görüşüb məsələni məruzə etmişəm. O da bunu çox müsbət qiymətləndirib. Layihələşdirilmə başa çatdıqdan sonra bir daha Hakan Çavuşoğlu ilə görüşəcəyəm. Sonra layihəni Türk Şurasının İstanbuldakı ofisinə təqdim edəcəyəm”.
Azərbaycanlı tələbələrə Türkiyədə yeni imkanlar yaradılacaq
Ötən il noyabrın 22-də Təbriz Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarla görüşüb və görüşdə azərbaycanlı tələbələrin Türkiyədə irəli sürdüyü təşəbbüslərin gerçəkləşdirilməsi üçün verilən dəstəyin daha da artırılması, onların Türkiyənin dövlət orqanlarında staj keçməsi ilə bağlı ümumi razılıq əldə olunub: “Yəni hal-hazırda Türkiyədə belə bir imkan mövcud deyil. Biz təklif etdik ki, heç olmasa hər dövlət orqanında və ya bələdiyyədə azərbaycanlı tələbələr üçün bir yer ayırsınlar. Çünki universitetdən məzun olan tələbələr iş yerlərinə müraciət edəndə staj tələbləri irəli sürülür. Bu ideya, bir növ, həmin tələbin qarşılanmasına şərait yarada bilər”.
Dekabr ayında Almaniyada keçirilən “Mədəni Diplomatiya İllik Konfransında” iştirak edən “Prezident təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri bu ilin 19-20 yanvar tarixlərində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun iştirakı ilə Azərbaycanın Türkiyə səfirliyi və “Yerli Düşüncə” İctimai Birliyi tərəfindən düzənlənən “Qərənfilin ağıdı” 20 Yanvarı anma tədbirinə qatılıb.
Tədbirdən sonra Təbriz şəxsi təşəbbüsü ilə “Yerli Düşüncə” İctimai Birliyinin rəhbəri, TBMM-in deputatı Mətin Gündoğdu ilə görüş keçirib: “Bu görüşdə mühüm bir məsələni həll etdik. Birlik rəhbəri ilə bu qurumun azərbaycanlı tələbələrin başında durduğu ictimai birliyin fəaliyyətində daha yaxından iştirakının təmin edilməsinə dair razılığa gəldik. Belə ki, hazırda birlikdə azərbaycanlı tələbələrin nümayəndəsi yoxdur. Bu halın ən qısa zamanda aradan qaldırılması üçün lazımi addımların atılacağına söz verildi”.
Böyük uğurlara doğru
Təbriz daim yeni hədəflərə doğru irəliləyir və yeni-yeni təşəbbüslərlə çıxış edərək daha böyük uğurlar qazanmaq üçün üzərində daim çalışır. İnanırıq ki, Azərbaycanı Türkiyədə layiqincə təmsil edən gənc hüquqşünasın tezliklə daha böyük uğurlarını eşidəcəyik.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan gəncliyi sözün əsl mənasında inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, gənclərin də milli-mənəvi inkişafına böyük təkan verir. Gənclərimiz harada çalışmalarından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutur, Azərbaycan həqiqətlərini dünyaya bəyan edirlər. Reallıq, görünən mənzərə onu deməyə əsas verir ki, həyata keçirilən gənclər siyasəti öz bəhrəsini verməkdədir.
Rəşad BAXŞƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB