Gəncliyə təkcə yaş-dövr prizmasından baxmaq doğru deyil. Gənclik böyük anlayışdır və mütəmadi olaraq dəyişən və yenilənəndir. Gənclərin vətəndaşı olduqları dövlətdən yaş, cins, maddi, sosial, ailə və mədəni status, təhsil səviyyəsi, yaşadıqları cəmiyyət, təmsil etdikləri sosial zümrə və digər fərqlərdən doğan ehtiyac və gözləntiləri var. Məsələyə bu çərçivədən baxanda təəssüflə qeyd etməliyik ki, müxtəlif cəmiyyətlərdə gənclərin ehtiyac və gözləntilərinə yanaşma fərqlidir.
Avropanın bir sıra nüfuzlu araşdırma mərkəzlərinin gənclərlə bağlı apardığı sosioloji sorğuların təhlilindən belə bir nəticəyə gəlmək olur ki, dövlət qayğısından məhrum olan gənclik səsini daha az duyura bilir, hüquq və azadlıqlarını kifayət qədər bilmir və nəticədə təmsil olunduğu cəmiyyət üçün pessimist vədlər qaçılmaz olur.
Sosial qayğılar demək olar ki, müasir gəncliyin təməl problemlərini özündə cəmləşdirir. Burada sadə məntiq çıxır ortaya. Əksər sosial problemlərin həlli öz-özlüyündə təməl faktorlara söykənir. Sosiologiya elmində belə bir qayda var: hər hansı bir ictimai hadisənin səbəbi başqa bir ictimai hadisədir. Modern gəncliyin problemlərinin səbəbi isə içində yaşadıqları cəmiyyətdir.
Gənclik uşaqlıq dövrü ilə yetkinlik arasında bir körpüdür. Ona görə də, gənclik qeyri-stabildir və daim axtarışdadır. Bu dinamik dövr yeni istiqamət və hədəflərin müəyyənləşdirilməsi, peşə seçimi və ailə idarəçiliyi məsuliyyətinin dərk edilməsi üçün lazım olan xarakterik xüsusiyyətlərin qazanıldığı mərhələdir. Bu mənada sağlam cəmiyyət dedikdə, sağlam gənclik düşünülməlidir.
Akademik araşdırmaların nəticəsi göstərir ki, gənclik dövrünün psixoloji xüsusiyyətləri arasında xarakterik yetkinləşmə, depresiya, hədəflərə çatmaq üçün məqsəd və vəzifələr müəyyənləşdirmək, üsyankarlıq, məsuliyyət ehtiyacı, həyatdan zövq alma istəyi, dinamizm və macəra kimi məsələlər vacib yer tutur.
Gənclik dövrü fərdi müstəqillik və cəmiyyətə qoşulma dövrüdür. Gənc tədricən ailə mühitindən çıxır və cəmiyyətə adaptasiya olur. Gənc cəmiyyətə yenilik gətirilməsi üçün mübarizə aparır və daim ətraf mühitə qarşı özünü sübut etməyə çalışır. Gəncləri narahat edən digər problem isə uğurlu peşə seçimi və sosial rifah halının güclü olmasıdır. İfrat xəyalpərəstlik, komfort düşkünlüyü, təqlid meyilliyi, laqeydlik, əxlaqi və mənəvi dəyərlərdən uzaqlaşma, zərərli vərdişlər, radikalizm və ekstremizm, işsizlik, gələcəyək bədbin yanaşma kimi xüsusiyyətlər hər bir dövlətin gəncliyini təhdid edən vacib məsələlərdir. Dövlətlər bu təhdidlərlə mübarizədə mümkün qədər səy göstərməkdədir.
Qloballaşma şəraitində baş verən ciddi siyasi və iqtisadi proseslərin işığında dünyanın əksər ölkələrində gənclərin həyat şəraitini optimallaşdırmaq və
cəmiyyətin bütün sferalarında onların bilavasitə iştirakını təmin etmək məqsədilə gənclər siyasəti, proqramlar və milli gənclik strategiyaları hazırlanmaqda və tətbiq olunmaqdadır. Bu işlə əlaqədar beynəlxalq təşkilatların, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının instusional qurumları da ciddi səylər göstərməkdədir.
Azərbaycan hökuməti tərəfindən gənclərlə bağlı görülən işlər beynəlxalq ictimaiyyətin təqdirini qazanıb və bir inkişaf modeli kimi təsdiqini tapıb. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun məntiqi nəticəsidir ki, bugün Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur.
Gənclər siyasətinin həyata keçirilməsi digər aidiyyəti dövlət qurumları kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas prioritetlərindəndir. Məlum olduğu kimi, ölkə başçısının müvafiq Fərmanı əsasında yaradılmış Bilik Fondu fəaliyyətə başladığı gündən əhalinin, xüsusilə, gənclərin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Gənclərin ideoloji, iqtisadi, mədəni, hüquqi və tibbi sahələrdə maarifləndirilməsi ölkənin nüfuzlu elm və təhsil müəssisələri, dövlət qurumları və ictimai təşkilatlar, şəhər və rayonların icra hakimiyyəti orqanları ilə birgə təşkil olunur.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə, eləcə də, ictimai işlərdə, inzibati idarəçilik sahələrində özlərini doğruldurlar. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin davamı olaraq, bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ötən il cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Yeni Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində növbəti addımdır və Azərbaycan gənclərinin inkişafında yeni mərhələdir.
Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu gün ictimai
həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi iqtisadi, siyasi, sosial və humanitar tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır gənclərimiz bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.
2016-cı ilin sentyabr ayında ölkəmizdə keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsindən sonra Konstitusiyanın 85-ci maddəsinin I hissəsinə və 100-cü maddəsinə edilmiş müvafiq dəyişikliklərlə dövlət gələcəyi olan gənclərə etimadını bir daha sübut etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bugün Azərbaycanda gənclərin sosial adaptasiyası və inzibati idarəçilik mexanizmlərində iştirakı hüquqi baza ilə tənzimlənir və dövlətin güclü qayğısı altındadır.
Rauf Həsənov,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
Beynəlxalq layihələr sektorunun müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB