Raqif Abbasov: “Azərbaycanın vətənpərvər, dövlətinə sədaqətli gəncliyi var” - AÇIQLAMA

Raqif Abbasov: “Azərbaycanın vətənpərvər, dövlətinə sədaqətli gəncliyi var” - AÇIQLAMA

“2 Fevral Azərbaycan gənclərinin hesabat günüdür. Biz artıq 21 ildir Azərbaycanda Gənclər gününü qeyd edirik. Bu bayram Ümummilli Lider Heydər Əliyev tərəfindən xalqımıza ərmağan olunub”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O, Azərbaycanda yüksək səviyyədə inkişaf etmiş gəncliyin yetişdiyini vurğulayıb: “Bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın vətənpərvər, dövlətinə sədaqətli, savadlı gəncliyi var. Ölkəmizdə bu sahənin inkişafı üçün uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Gənclər və İdman Nazirliyi, onun aidiyyatı qurumları, tələbə gənclər hərəkatları, Gənclər Təşkilatları Milli Şurası, qeyri-hökumət təşkilatları və digər qurumlar cənab Prezidentin apardığı uğurlu dövlət siyasətinin bu sahəsi üzrə tapşırıqları uğurla yerinə yetirirlər. Azərbaycan gəncləri Vətənin daha da inkişafı uğrunda əlindən gələni edir və işğalda olan torpaqlarımızın azad olunması üçün hər an hazırdırlar. 2016-cı ildəki Aprel döyüşləri bunu bir daha sübut etdi. Azərbaycan gəncliyi cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyir və hər zaman Onun yanındadır. Gənclərimiz ölkəmizdə və xaricdə keçirilən bütün beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak edirlər”.

R.Abbasov bildirib ki, ölkəmizdə gənclər üçün dövlət tərəfindən yüksək şərait yaradılıb: “Azərbaycanda bütün sahələrdə gənclərin iştirakı təmin olunur. Bu gün Azərbaycan gəncləri üçün yeni normativ aktlar mövcuddur. Bu sahənin inkişafı üçün Dövlət Proqramları qəbul edilib. Dövlər Proqramları özündə bütün sahələri cəmləşdirib. Dövlətin prioritet istiqaməti olan gənclər siyasəti hər bir Azərbaycan gəncinin özünü istədiyi sahədə tapmasını təmin edir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə