Bu gün Talassemiya Mərkəzində "Talassemiya ilə mübarizədə KİV-in rolu" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə mərkəzin direktoru Valeh Hüseynov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, dövlət qurumlarının, ictimai birliklərin nümayəndələri iştirak edib. Konfransda ilk çıxış edən Mərkəzin direktoru bildirib ki, bu xəstəlik əsasən Aralıq Dənizi ölkələrində geniş yayılıb.
Onun sözlərinə görə, lakin son zamanlar dünyada gedən miqrasiya prosesi xəstəliyin Qərbə doğru yayılması müşahidə olunur.
Xəstəlik haqqında məlumat verən mərkəz direktoru söyləyib ki, talassemiya xəstəliyi əsasən hemoglobinin pozulması nəticəsində meydana gəlir:" Ən çox yayılan beta talassemiyadır. Bunun üç əsas tipi var. Qan azlığı kompensasiya edilmirsə, o zaman xəstələrdə ciddi ağırlaşmalara səbəb olur. Talassemiyalı xəstələrdə sümük iliyi problemləri yaranır". Daşıyıcılar haqqında danışan V.Hüseynov söyləyib ki, onlar təsadüfən müayinələr zamanı aşkar olunur:"Xəstəlik daşıyıcıları adətən xəstəliyin olduğunu hiss etmirlər, lakin ailə qurduqdan sonra talassemiyalı uşaq dünyaya gəlir. Bildiyiniz kimi daşıyıcılar ailə qurduqda 25 faiz xəstə uşaq doğulma ehtimalı var. Belə ailələrdə sağlam uşaq dünya gəlmək ehtimalı da az deyil. Bu cür xəstələrə daim qan köçürülməlidir. Qanla yanaşı dəmir də köçürülməlidir. Əks halda qaraciyər və digər xəstəliklərinə səbəb ola bilər".
V.Hüseynov qeyd edib ki, bu cür xəstələrin müalicəsində Heydər Əliyev Fondun fəaliyyəti danılmazdır. Mərkəzin bu xəstələrin müalicəsində göstərilən xidmətlərdən söz açan V.Hüseynov vurğulayıb ki, mərkəzin əsas fəaliyyətindən biri sümük iliyinin transplantasiyasıdır ki, 2013-ci ildən indiyədək 55 belə əməliyyat keçirilib. O əlavə edib ki, 3105 xəstə poliklinika dispanser qeydiyyatındadır: Bizim məqsədimiz talassemiyalı xəstələrin doğulmasınl sıfıra bərabər etməkdən ibarətdir. Bu məqsədlə qarşımızda çox böyük məqsədlər var. Əsas görəcəyimiz işlər nikah müayinəsindən sonra aşkarlanan xəstəlik daşıyıcılarının sonradan həkimə müraciət etməsini təmin etməkdir. Adətən bölgələrdə xəstəlik aşkarlanan gənclərin həkim müayinəsindən yayınması halları ilə rastlaşırıq. Bu halların qarşısının alınmasına çalışmalıyıq".
Daha sonra çıxış edən Musa Quliyev bildirib, ölkəmizdə nikah öncəsi müayinələrin aparılması məqsədilə Ailə məcəlləsinə dəyişiklik edilib. Onun sözlərinə görə, lakin aparılan müşahidələr eləcə də statistika göstərir ki, bu cür xəstəliklərdə azalma yoxdur: "Erkən nikahların bağlanması, müayinələrdən yayınması ciddi məsələdir. Hər bir talassemiyalı doğulan körpələrin statistikası aparılmalıdır. Bu məsələyə nəzarət gücləndirilməlidir. Elektron KİV-lər, TV-lər bu xəstələrlə müsahibə aparıb, onların problemlərini öyrənməlidirlər. Sosial çarxlar pulsuz şəkildə TV-lərdə yayılmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr maarifləndirməyə yönəldilməlidir".
Heydər Əliyev Fondunun departament müdiri Soltan Məmmədov bildirib ki, ölkəmizdə bir sıra xəstəliklərin müalicəsi üzrə profilaktik tədbirlər keçirilir ki, onlardan biri talassemiya xəstəliyidir: " Xüsusi qayğıya ehtiyacı olanlara xidmət Fondun əsas fəaliyyətinə daxildir. Heydər Əliyev Fondu Mərkəzlə birgə fəaliyyətinə xüsusi əhəmiyyət verir, Səhiyyə Nazirliyi ilə bu istiqamətdə islahatlar həyata keçirib. Müayinələr üçün xaricə üz tutan şəxlər artıq mərkəzdə pulsuz şəkildə müayinələrdən keçə bilirlər".
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB