Azərbaycan mətbuatı tarixi inkişafının yeni keyfiyyət məhələsinə qədəm qoyub - ANALİZ (LAYİHƏ)

Azərbaycan mətbuatı tarixi inkişafının yeni keyfiyyət məhələsinə qədəm qoyub - ANALİZ (LAYİHƏ)

Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin qaydaya salınmasında cəmiyyətə kömək edir. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edən dövlətlər müstəqil fikrin əsas daşıyıcılar olan kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli zəmin yaradırlar. Azərbaycan Respublikası da demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətubatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir.

Azərbaycanda söz və məlumat azadlığının təmin olunması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır

Təbii ki, Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin həqiqi mənada bərpa olunması, onun müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi kimi gündəmə vəsiqə alması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün digər sahələrdə olduğu kimi, bu sahədə də mövcud olan problemlər tədricən və planlı şəkildə aradan qaldırılmağa başlandı. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlərin keçirilməsi ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə və bu kimi təqdirəlayiq mütərəqqi addımların atılması Ümummilli liderimiz Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında həm söz və məlumat azadlığı, fikir plüralizminin təmin olunması təsbit edilmiş, həm də onların müdafiəsi və təminatı mexanizmləri müəyyənləşdirilmişdir. Ulu öndər Heydər Əliyev xalqın azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə, demokratiyaya xidmət etdiyini çox açıq şəkildə ifadə edərək məhz bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirmişdir. Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, "hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".

Həmçinin, Konstitusiyanın 50-ci maddəsi məlumat azadlığına həsr olunmuşdur. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

O da vurğulanmalıdır ki, Azərbaycan Konstitusiyasının qəbul olunması həm də milli qanunvericiliyimizin daha da zənginləşdirilməsi üçün münbit zəmin yaratmışdır. Bu vaxta qədər qanunlarda mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşların daha yaxşı səviyyədə hüquqlarının qorunması istiqamətində yeni qanunların qəbulu intensivləşmişdir. Bu sırada qəbul olunmuş ən mühüm qərarlardan biri, şübhəsiz ki, 1998-ci il avqustun 6-da Ulu öndər Heydər Əliyev tərəfindən "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmandır. Həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki durumunun yaxşılaşdırılmasını, onlara dövlət qayğısının aparılmasını nəzərdə tutan, söz, fikir və məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri hazxırlanarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit olunmuş vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması öz əksini tapmışdır. Bu Fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarə ləğv olunmuşdur. Məlumunuz olduğu kimi, bu, senzuranın ləğvi demək idi. Həmin vaxtdan etibarən, sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlanmışdır. Daha sonra isə "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul olunmuş, bu qanun KİV təmsilçilərinin azad və müstəqil şəkildə fəaliyyətinə təminat verməklə bərabər, bu fəaliyyətin smərhədlərini də müəyyənləşdirməyə imkan vermişdir. Bundan başqa, 2000-ci il iyulun 30-da "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla KİV-in maddi-texniki təchizatı, söz və məlumat azadlığı sahəsində qarşıya çıxan bir sıra problemlərin qısa zaman kəsiyində aradan qaldırılması ilə bağlı fəaliyyət proqramı hazırlanmışdır. 2001-ci il dekabrın 27-də və 2003-cü il yanvarın 9-da imzalanmış ardıcıl sərəncamlarla qəzetlərin Nəşriyyata olan borcları dondurulmuşdur. Görülən bu işlərlə isə Azərbaycanda söz və məlumat azadlığının inkişafı, KİV-in inkişafını şərtləndirən demokratik mühitin formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcı qoyulmuşdur. Səbəbsiz deyildir ki, Ulu öndər Heydər Əliyevin atdığı bu humanist addımlar həm mətbu orqanlar tərəfindən, həm də bütün ictimaiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilirdi. Bunun nəticəsi idi ki, Ümummilli liderimiz dəfələrlə "Jurnalistlərin dostu", "İlin adamı" elan olunmuş, Onun Azərbaycan mətbuatının inkişafı sahəsindəki xidmətləri öz yüksək qiymətini almışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə