“Tarixin sirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Tarixin sirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Ceyhun Həsənlinin rəhbəri olduğu “Tarixin sirləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

SİA-nın xəbərinə görə, Qaradağ rayon “Gənclər evində” baş tutan tədbirdə ilk öncə

çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Gənclər Fondu tərəfindən bu kimi layihələrin dəstəklənməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Layihənin rəhbəri Ceyhun Həsənli layihənin məqsəd və məramından ətraflı söhbət açıb. Vurğulanıb ki, əsas məqsəd Azərbaycan tarixində, onun formalaşmasında xüsusi xidmətləri olmuş şəxsiyyətlər barəsində gəncləri ətraflı məlumatlandırmaqdır. Keçmişini, xalqının, dövlətinin tarixini yaxşı bilən, onunla bağlı geniş biliyə malik gənc yeri gəldiyində Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda böyük rol oynaya bilər.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində tarixçi alimlər tərəfindən seminarlar keçirilir, tarixçilərlə gənclərin görüşü təşkil edilir. Hər görüş və ya seminar bir tarixi şəxsiyyətdən bəhs olunur. Bugünkü görüş isə xalq qəhrəmanı Babəkə həsr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı, tarixçi-alim Ramil Rüstəmov Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Babəkin həyat və fəaliyyətinin hələ də araşdırmaya açıq bir mövzu olduğunu söyləyib. Eyni zamanda bildirilib ki, Babək haqqında bəzi şəxslərin təzadlı fikirlərinə baxmayaraq o, türk olub və Azərbaycanın azadlıq mübarizəsində ərəblərə qarşı qəhrəmancasına mübarizə aparıb. Babəkin İslama qarşı hər hansı bir qərəzi, mübarizəsi olmayıb.

Daha sonra iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə