Məleykə Abbaszadə vətəndaşları qəbul edib

Məleykə Abbaszadə vətəndaşları qəbul edib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 25-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Salyan rayonunda vətəndaşları qəbul edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbulda Şirvan, Neftçala, Salyan, Sabirabad, Saatlı, Hacıqabul rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, tətbiq olunacaq yeniliklər, magistratura pilləsində təhsil, həmçinin dövlət qulluğuna qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə