Bakı Şəhər Prokurorluğunda kollegiya iclası keçirilib

Bakı Şəhər Prokurorluğunda kollegiya iclası keçirilib

Yanvarın 24-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Bakı Şəhər Prokurorluğunun SİA-ya daxil olan məlumatında bildirilir ki, iclasda məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət nəticəsində müsbət nəticələrin əldə edildiyi vurğulanıb.

Qeyd edilib ki, hesabat dövründə 2016-cı ildəkindən (11 min 940) 182 fakt çox - 12 min 122 hadisə qeydə alınıb. Onların açılma faizi 4,1 faiz artaraq 80 faiz, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə (3,4 faiz) azalaraq 1890 olub. 2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı üç fakt azalaraq 59 olub. Həmin hadisələrdən biri istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

Diqqətə çatdırılıb ki, ötən il 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az - 68 hadisə baş verib. Onlardan səkkizi bağlı qalıb. Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsinin biri bağlı qalıb.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14 min 432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 443 min manatı (18,1 faizi), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 25 milyon 880 min manatı (85,7 faizi) istintaq zamanı ödətdirilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkarlanmış nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib, onların aradan qaldırılması tələb olunub.

Xüsusi qeyd edilib ki, vətəndaşların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq, müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb. Şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Məlumat verilib ki, hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 26 min 266 müraciətinə baxılıb. Həmin müraciətlərdən 5259-u baxılaraq həll edilib, o cümlədən 1744 müraciət təmin edilib. Ötən il 4597 vətəndaş, o cümlədən rayon prokurorları tərəfindən 2010, Bakı Şəhər Prokurorluğunda 2348 nəfər qəbul olunub. Onlardan 448-ni şəhər prokuroru qəbul edib.

Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Onlardan 5-i tutduğu vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Tələb edilib ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, paytaxtın rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində inam ifadə olunubdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakıda ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini bundan sonra da təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə