Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2017-ci ilin nəticələri müzakirə edilib
Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. SİA-nın məlumatına görə, Ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Astara şəhərinin 1508 ha ərazisi vardır: "Şəhərdə 4211 təsərrüfatda 17584 nəfər əhali yaşayır. Rayon İcra hakimiyyətinin başçısının rəhbərliyi və köməkliyi ilə rayonumuzda, xüsusən də Astara şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində şəhərimizin siması nəzərəçarpacaq dərəcədə dəyişərək nümunəvi səviyyəyə çatıb. Dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, burada turizmin inkişafına, əhalinin mədəni istirahətinə xidmət edən infrastrukturun qurulması, küçə və səkilərin müasir tələblər səviyyəsində təmir edilməsi, bir sözlə şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalimizin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl olaraq həyata keçirilir. Cəngəlliyə çevrilmiş, bataqlıqdan ibarət olan bu əraziyə 100 minlərlə kubmetr qum, çınqıl və torpaq daşınaraq yerin səviyyə xeyli qaldırılıb. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda olan qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi davam edir. Burada fantan, şəlalə, fitnes və uşaq əyləncə meydanları, ictimai-iaşə müəssissələri tikiləcək.
Xanbulançay dəryaçasından şəhərimizə içməli su xəttinin çəkilməsi möhtərəm cənab Prezidentimizin astaralılara olan qayğının təzahürüdür. Hazırda layihədə nəzərdə tutulmuş 5119 mənzildən 3650 mənzilə su xəttinin çıxışı təmin edilib.
2017-ci ildə Astara şəhərinin mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri davam etdirilib.
Ölkə Prezidentinin çağırışına uyğun olaraq kənd təsərrüfatının daha da inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmiş, illərlə istifadəsiz qalan əkinə yararlı torpaqların dövriyyəyə buraxılması ilə 2017-ci ildə 649 hektarda əkin keçirilib".
Hesabat yığıncağında Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, şəhid anası Elmira Səfərova, Respublikanın Əməkdar Müəllimi Heybət Hüseynov, ağsaqqal Həbib Rəsulov, YAP rayon Gənclər təşkilatı sədrinin müavini Kəmalə Nəsirova və başqaları çıxış edərək hesabat dövründə şəhərdə aparılan geniş abadlıq və quruculuq işlərindən söhbət açmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyanı bürüyən maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı 2017-ci ildə də uğurla inkişaf edib. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, əmin-amanlıq və sabitlik təmin olunub.
İcra başçısı qeyd edib ki, Ələt-Astara avtomobil yolunun başa çatdırılması ilə rayonumuzdan paytaxta olan məsafə 40 km qısalacaqdır. Lənkəran hava limanından Astaraya bir saata qədər vaxt sərf olunduğu halda, təzə avtomobil yolu ilə 15 dəqiqəyə gəlmək imkanı yaranacaq. Bütün bunların həyata keçirilməsi ilə yüksək turizm imkanları olan rayonumuza xarici qonaq və turistlərin axını artacaqdır.
Yola saldığımız ildə rayonun hər yerində olduğu kimi, şəhər ərazisində də kənd təsərrüfatı əkinlərinə diqqət artırılıb. Rayonda ümumilikdə çəltik əkininin 450 hektara çatdırılması, çay plantasiyalarının genişləndirilməsi, təkcə keçən il 700 hektarda yeni sitrus bağlarının salınması, tərəvəzçilik və heyvandarlıqda əldə edilən nailiyyətlər sevindiricidir. Bu uğurları daha da artırmaq, bütün qüvvələr torpaqlardan daha səmərəli istifadə olunmasına yönəldilməlidir.
2018-ci ildə də Astara şəhərində, ümumilikdə, rayonun digər yaşayış məntəqələrində abadlıq və quruculuq işləri davam etdiriləcək. Ən böyük layihələrdən biri dəniz sahili boyunca uzanan Bakı-Astara dəmir yol xəttinin Ələt-Astara avtomobil yoluna paralel köçürülməsidir ki, bu istiqamətdə hazırlıq işlərinə başlanıb. Bununla dəniz sahili boyunca böyük bir ərazidə şəhərin genişləndirilməsi, yeni infrastrukturların yaradılması üçün geniş imkanlar yaranacaqdır.
Şəhər əhalisinin içməli su ilə təmin olunması ilə əlaqədar Xanbulançay dəryaçasından çəkilən su kəmərinin tikintisi də bu il başa çatdırılacaq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB