Kütləvi informasiya vasitələri cəmiyyətin aynasıdır - ARAŞDIRMA (LAYİHƏ)
Müxtəlif ölkələrdə KİV-durumunu təhlil etməklə, həmin dövlətdəki vəziyyət haqqında bilgi sahibi etmək mümkündür. Təsadüfi deyil ki, bir çox ekspertlər cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın səviyyəsini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. KİV-in azadlığı cəmiyyətin azadlığının şkalasıdır.
Heç kəsə sirr deyil ki, Azərbaycanda KİV-in azad fəaliyyətinin təmin olunması üçün rəsmi dairələr tərəfindən bütün lazımi addımlar atılıb. Ölkədə senzura ləğv olunub, qəzetlərin qeydiyyat proseduru asanlaşdırılıb, müxtəlif dövrlərdə mətbuat orqanlarına edilən maddi yardımlar hesabına redaksiyaların texniki təchizatı yaxşılaşdırılıb. Məlumat azadlığı ölkənin ən ali qanun olan Konstitusiyada təsbit olunub, KİV haqqında qanunla jurnalistlərin azad fəaliyyəti təmin edilib. Amma bununla yanaşı, obyektiv və subyektiv səbəblərdən qaynaqlanan bəzi problemlər hələ də həllini gözləyir. Digər tərəfdən, müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında KİV-in təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası isə bu problemlərin aradan qaldırılması üçün həlledici rol oynayacaq.
Konsepsiyanın başlıca xarakterik xüsusiyyəti, onu qanun və qərarlardan fərqləndirən cəhət odur ki, bu sənəddə Kiv sahəsindəki vəziyyət geniş və obyekti təhlil olunur, qənaət hasil edilir, problemlər və onların çıxış yolları göstərilir. Bu istiqamətdə KİV təmsilçilərinin və dövlətin məsuliyyətləri, tərəflərin qarşılıqlı əməkdaşlıq yolları, öhdəliklər sıralanır. Əsas odur ki, dövlət KİV-in inkişafı üçün lazımi iradəni ortaya qoyur.
Sənəddə qeyd olunur ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu ehtiva edir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir.
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir. İnformasiya cəmiyyətinə keçid siyasi və ictimai həyatın demokratikləşməsi ilə bilavasitə bağlıdır. Yeni informasiya mühitinin formalaşdırılması vətəndaşlar üçün məlumatın açıqlığı prezumpsiyasının tanınması və onların məlumat almaq hüququnun təmin edilməsi deməkdir. İnformasiya mühitinin başlıca texnoloji komponentləri (informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiya-telekommunikasiya infrastrukturu) informasiyanın azad dövriyyəsinin təmin olunmasına, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılmasını ehtiva edən konstitusion hüququn həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir.
Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir.
Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir.
Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və məqsədli şəkildə seçərək istifadə edir. Məhz buna görə kütləvi informasiya vasitələri insanların şüuruna güclü təsir göstərir. Onlar həmçinin tədris, maarifləndirmə, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi funksiyalarını yerinə yetirir.
Dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Elə şərait yaradılmalıdır ki, kütləvi informasiya vasitələri sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirə bilsin.
Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması da kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur. Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB