Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO

Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO

20 Yanvar faciəsinin qurbanları Almaniyanın müxtəlif şəhərlərində anılıb. SİA-ya verilən məlumata görə, Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi il Berlində təşkil olunan tədbirdə Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak edib. Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova tədbiri açaraq 28 il əvvəl baş vermiş qanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixinə ən faciəli və ağır günlərdən biri olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi yazıldığını deyib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov o dövrdə cərəyan etmiş proseslərə nəzər salaraq hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizəsinin dayandığını bildirib. Ramin Həsənov 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və Milli Məclisinin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 Yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi qiymətləndirildiyini bildirib. Səfir Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Daha sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub. Bakı Alman Azərbaycan Dostluq Cəmiyyəti isə Almaniyanın Hannover şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş ,,Son yüz ildə Azərbaycan və Türkiyənin erməni məsələsi, soyqırımı iddiaları və gerçəklər" mövzusunda konfrans keçirib. Tədbirdə professorlar Aygün Attar və Kamal Arı da iştirak edib. Azərbaycanlılarla yanaşı türkdilli ictimaiyyətin də qatıldığı konfrans çərçivəsində 20 Yanvar faciəsində və Azərbaycan torpaqları uğrunda şəhid olan qəhrəmanların fotolarından ibarət sərgi də təşkil olunub. Almaniyanın Maqdeburq şəhərində isə 20 Yanvar faciəsi fərqli formatda anılıb.

Belə ki, şəhərin mərkəzi küçəsində müxtəlif ölkələrin 120-dən artıq təşkilat və cəmiyyətlərinin, əyalət rəhbərlərinin, siyasi partiyaların iştirakı ilə keçirilən və 20 Yanvar faciəsinin ildönümü ilə üst-üstə düşən “Demokratiya yollarında” adlı tədbirdə Maqdeburqdakı Alman-Azərbaycan Cəmiyyəti də təmsil olunub. On mindən artıq insanın iştirakı ilə baş tutan tədbirdə Cəmiyyətin üzvləri 20 Yanvar faciəsi ilə yanaşı, Xocalı soyqırımı, ümumiyyətlə Azərbaycan həqiqətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir çərçivəsində qanlı hadisələri əks etdirən kitablar, müxtəlif materiallar, sənədlər iştirakçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə