“2017-ci il sahibkarlıqla məşğul olan qadınların fəaliyyəti üçün olduqca uğurlu il olub. Qadın iş adamları öz biznes fəaliyyətlərini yaxşılaşdırmaqla yanaşı, sahibkar kimi çalışmaq istəyən qadınların da sayında artım müşahidə edilib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva deyib.
O qeyd edib ki, artımın əsas səbəbi dövlətin sahibkarlığın inkişafına ayırdığı böyük diqqətdir: “Xüsusi ilə dövlət başçısının həyata keçirdiyi uğurlu daxili siyasət, sahibkarlara yaradılan unikal şərait, nəticə etibarı ilə iş qurmaq istəyən qadınların da sayının çoxalmasına imkan yaradıb. Rəsmi statistikaya görə, təkcə son bir il də 250-yə yaxın qadın sahibkar kimi fəaliyyətə başlayıb. Dövlət tərəfindən qadın sahibkarların fəaliyyətlərinin yaxşılaşdırılması və genişləndirilməsi üçün 30 milyon manat kredit ayrılıb. Bütün bunlarla yanaşı sahibkar kimi çalışmaq istəyən və bu sahədə uğur qazanmaq istəyən iş adamları bir sıra vacib nüanslara diqqət yetirməlidir”.
Zemfira Ağayevanın fikrincə biznesə başlamaq istəyən qadın, yaxşı bildiyi və potensialı yüksək olduğu sahəni birinci vacib amil kimi seçməlidir: “Bununla paralel olaraq idarəçilik qabiliyyəti hüquq bilgisi də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan ayrılacaq maliyyə yardımından öncə sahibkar kimi yeni fəaliyyətə başlayan qadınların yuxarıda qeyd olunan sahələr üzrə maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Təcrübə göstərib ki, qeyd olunan sahələrdə təcrübəli mütəxəssislər tərəfindən təlim görən, eyni zamanda fəaliyyət növü üzrə elmi əsaslara dayanan kurslarda iştirak edən qadınların uğur qazanma şansı daha çox olur”.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB