Umud Mirzəyev: “"SƏS" qəzeti xalqın sevimlisinə çevrilib”

Umud Mirzəyev: “"SƏS" qəzeti xalqın sevimlisinə çevrilib”

“"SƏS" qəzetinin işıq üzü görməsinin 27-ci ildönümü münasibətilə bütün redaksiya heyətini öz adımdan və rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun kollektivi adından ürəkdən təbrik edirəm!”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, BAMF-nın prezidenti Umud Mirzəyev deyib.

BAMF-nın prezidenti qəzetin ilk günlərini xatırlayaraq bildirib ki, "SƏS" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci il yanvarın 11-də dərc olunmağa başladı: “Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində idi. "SƏS"-in öz səsi və öz auditoriyası var idi. Bu qəzet bizim müstəqil mediamızın ilk nümunələrindən biridir. Azərbaycan mətbuatı tarixində öz yeri, dəsti-xətti və xüsusi çəkisi olan "SƏS" qəzeti 27 illik fəaliyyəti dövründə çox şərəfli bir yol keçmiş, respublikamızın ictimai-siyasi, mədəni və sosial həyatını geniş oxucu auditoriyası üçün obyektiv işıqlandırmış, təhsil və mədəniyyət işçilərinin, elm xadimlərinin sevimli mətbuat orqanına və onların səsini ictimaiyyətə çatdıran tribunaya çevrilmişdir. Bu qəzet Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələri dolğun işıqlandırması, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasəti obyektiv qiymətləndirib xalqa düzgün çatdırması, dərin analitik yazıları, sanballı araşdırmaları ilə fərqlənmiş və xalqın sevimlisinə çevrilmişdir. Qəzet düzgün idarəetmə sayəsində böyüdü, iri Holdinqə çevrildi. İndi "SƏS"-in tərkibində müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verən "SİA" agentliyi və "SƏS TV" fəaliyyət göstərir”.

Mətbua Şurasının sədr müavini qeyd edib ki, rəngarəngliyi, aktual mövzuları ilə oxucuların dərin sevgisini qazanan "SƏS" qəzeti mətbu sözün məsuliyyətini dərindən dərk edən və jurnalistikanın şərəfli ənənələrini yaşadan qəzet kimi davamlı olaraq milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasında və inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərmişdir: “Mən bir daha bu gözəl gün - 27-ci ildönümü yubileyiniz münasibətilə "SƏS" qəzetini təbrik edir, Azərbaycan xalqının intellektual səviyyəsinin bir qədər də yüksəlməsi, mətbu sözün daha da inkişafı, ölkəmizin çiçəklənməsi, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə uğurlar arzulayıram. İnanıram ki, milli mətbuat tariximizdə nüfuzunuzu qorumaq üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz”.

Bütün xəbərlər Facebook səhifəmizdə