Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 41 min sərnişin daşınıb

Ötən il Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə Naxçıvandan Bakıya 20 min 685, Bakıdan Naxçıvana isə 20 min 964 sərnişin daşınıb. Muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilib, 135 marşrut xətti üzrə rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, muxtar respublikada avtomobil nəqliyyatı infrastrukturunun müasir standartlar səviyyəsinə çatdırılması diqqət mərkəzindədir.

Ötən il bu sahədə ardıcıl tədbirlər görülüb, sərnişindaşımalarını yerinə yetirən sürücülərin iştirakı ilə 24 seminar-müşavirə keçirilib. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslara “Naxtel-4G” GPS monitorinq izləmə sistemi quraşdırılıb. Naxçıvanda şəhərdaxili marşrutda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir.

Bununla yanaşı, 2017-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində də fəaliyyət gücləndirilib, Türkiyə Respublikasının “Metro” və “İğdırlı” turizm şirkətləri ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə Respublikasının İğdır şəhərinə avtobus marşrutu açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası təmin edilib, Naxçıvan Dövlət Universitetinin yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili ixtisaslarında təhsil alan tələbələrin nazirlik sistemində istehsalat təcrübələri təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə