“Son zamanlar ölkəmizdə də intihara təşəbbüs edən gənclərin sayı çoxalır”. Bu sözləri SİA-ya açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri Lamiyə İsazadə deyib.
Onun sözlərinə görə, gənclərimizin bu cür addımlar atmalarını və onları intihara vadar edən səbəbləri araşdırmaq lazımdır: “Gənclərin ümidsizliyə düçar olmaları, qarşılarına çıxan maneələri aşa bilməmələri, mənəvi gücsüzlükləri, zəif sinir sisteminə malik olmaları, onlarda belə hiss yaradır ki, cəmiyyətimiz üçün yararsızdırlar. Məhz buna görə intiharı yeganə çıxış yolu kimi görürlər. İntihara cəhd edən gənclərimiz, öhdəsindən gələ bilmədikləri duyğuları, çəkdikləri iztirabları yox etməyin, onlardan xilas olmağın yeganə yolunun intihar ola biləcəyinə inanırlar.
Gənclərin intiharına səbəb olan bir neçə amil isə bunlardır: Bu hadisə, xüsusilə, keçid yaş dövründəki yeniyetmələrə aiddir. Məhəbbətinə qarşılıqlı cavab almadıqda, yaxud ailədə ən xırda problemlərlə qarşılaşdıqda gənc özünə qəsd edə bilər. Qızlarda baş tutmayan qarşılıqsız sevgi çox vaxt intiharla nəticələnir. Oğlanlarsa ailə, karyera qura bilməmək, perspektivin olmaması və digər amilləri özünəqəsdə aparan yol kimi dəyərləndirir. Digər tərəfdən, valideynlər arasında münaqişələr, gəncləri zorla ailə qurmağa məcbur etmək, maddi imkansızlıq, yaşıdlarına nisbətən daha aşağı yaşayış tərzi də intihara səbəb ola bilir.
İntiharla ölən insanların heç də hamısına psixi xəstəlik diaqnozu qoyulmur. Bunu cahillik adlandırmaq da düzgün olmaz. İntihar etmək istəyənlər düşüncələrində və hisslərində emosional ağrılardan əzab çəkirlər. İntiharla ölənlər ümidsizlik, köməksizlik, acizlikdən bezdiklərini düşünürlər.
Gənclərimizi intihardan çəkindirmək, onları bu cür addımlardan uzaq tutmaq üçün bu mövzuda xeyli layihələr həyata keçirmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB