“Əgər kimsə, intihar edəcəyini elan edirsə...” PSİXOLOQ RƏYİ

“Əgər kimsə, intihar edəcəyini elan edirsə...” PSİXOLOQ RƏYİ

Son zamanlar intihar yaşının gəncləşdiyini desək yanılmarıq. Çünki, son zamanlar bu cür hadisələrlə bağlı oxuduğumuz məlumatların əksəriyyətində intihar edən şəxsin gənc və ya yeniyetmə yaşlarında olduğunu görürük. Belə hadisələrdən biri də ötən gün Bakı metrosunda baş verib. Belə ki, 23 yaşlı Mustafazadә Rәşad Әlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Məlumatlara görə, intihar edən gənc bir neçə dəqiqə əvvəldən intihar edəcəyini yüksək səslə elan edib. Lakin heç kim onun bu xəbərdarlığına fikir verməyib və nəticə etibarı ilə Gəncə sakini intihar edib. Bəs görəsən gəncləri intihara sürükləyən səbəblər nədir?

“Əgər kimsə intihar edəcəyini əvvəlcədən elan edirsə, demək ki, o, qarşı tərəfdən kömək istəmiş olub”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtlər Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, intihar sağlam psixologiyanın göstəricisi deyil: “Bir şəxs intihar edirsə, demək onda zaman-zaman psixoloji pozuntu halları olub. Sadəcə həmin şəxsin yaxınları ona qarşı diqqətli olmadıqları üçün bunu görə bilməyiblər”.

Psixoloqun sözlərinə görə, əgər kimsə intihar edəcəyini əvvəlcədən elan edirsə, demək ki, daxilində bir qorxu olduğu üçün qarşı tərəfdən hansısa kömək istəmiş olub: “İntihar cəsarət tələb edir. Ona görə də həmin şəxs sanki ətrafdakılarından güc toplamaq istəyib”.

“Həyatda qane etməyən məqamlar intihara səbəb ola bilər”

Mütəxəssisin fikrincə, qeyri-sağlam psixologiyaya malik insan intihar edirsə, demək ki, onu həyatda qane etməyən məqamlar var: “Bu, daha çox ailədaxili problemlərlə bağlı olur. İnsanın həyatında zaman-zaman elə hadisələr ola bilər ki, belə hallarda yaxınlarından dəstək almadıqda, anlayış görmədikdə son çıxış yolunu intiharda görə bilirlər. Əgər bir insan intihara cəhd edirsə və ya nə vaxtsa edibsə həmin şəxs mütləq şəkildə diqqətdə saxlanılmalıdır. Çünki bir dəfə intihar edən şəxsin bunun təkrar etməsi gözləniləndir. Belə şəxslər ən azı 2 il müddətində diqqətdə saxlanılmalıdır”.

İntihar edən şəxsin həmin anda beyninin sıfır vəziyyətində olduğunu deyən E.Eminova söyləyib ki, intihar 30 saniyə içərisində baş verdiyi üçün həmin şəxs bu müddət ərzində nə etdiyini dərk etmir.

Valideynlərin üzərinə düşən vəzifələr?

Psixoloq qeyd edib ki, son illər intihar edən şəxslər arasında yeniyetmə və gənclərin sayının artdığını nəzərə alsaq, bu cür halların qarşısının alınmasında valideynlər böyük rola malik ola bilərlər: “Bəzən valideynlərin başı işə, pul qazanmağa qarışdıqları üçün övladlarına lazımi qədər diqqət ayıra bilmirlər. Belə olan halda, uşaqların mənəvi ehtiyacları ödənməmiş olur ki, bu da nəticə etibarı ilə böyük partlayışlara, yəni intihar hadisələrinə gətirib çıxara bilir. Ümumiyyətlə, valideynlər övladlarına qarşı hərtərəfli diqqətdə olmalıdırlar. Belə ki, böyüklər uşaqların nə ilə məşğul olduqlarını, maraqlandıqlarını, sosial şəbəkələrdə davranışlarını nəzarətdə saxlamalıdırlar. Bir insan üsyan edirsə, demək ki, bu onun həyata keçməyən arzularının göstəricisidir ”.

İntihar prosesində ətraf mühitin rolu?

Ətraf mühitin intihar hadisələrinə təsirinə gəlincə, mütəxəssis deyib ki, çox təəssüf ki, intihar məsələsi ilə bağlı hər zaman neqativ fikirlər düşünülür. Misal üçün əgər kimsə intihar edibsə, o zaman həmin şəxsin hansısa səhv addımı olduğunu fikirləşirik. Lakin onu buna sürükləyən müəyyən amillərin olduğunu düşünmürük. Ətraf mühit bunu başa düşməyə, anlamağa çalışmır. Lakin ətraf mühit və əsas da valideynlər bu cür hadisələrdən dərs götürməlidirlər. Son zamanlar xəstəliklər kimi intihar hadisələri də gəncləşir. Bütün bu hadisələrdən doğru nəticə çıxarmaqla belə halların qarşısını almaq olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə